Alman avtomobil istehsalçısı Mercedes-Maybach, Mercedes-Benz S-Klass modelinin təqdimatından təxminən iki ay sonra bu lüks sedanın daha dəbdəbəli versiyasını rəsmi şəkildə anons edib. Model hələlik yalnız tizer görüntülərlə nümayiş olunub, tam təqdimatın isə yaxın həftələr və ya aylar ərzində keçirilməsi gözlənilir.
Yayımlanan şəkillərə əsasən, yeni model standart S-Klassdan radiator barmaqlığı ilə fərqlənir. Belə ki, üfüqi xətlər əvəzinə Maybach-a xas olan şaquli dizayn istifadə olunub. Ulduz formalı gündüz işıqları isə qorunub saxlanılıb.
Kapot üzərində yerləşən üçşüalı ulduzun altında işıqlanan Maybach loqosu yer alır. Eyni zamanda, arxa sütunlarda da bu lüks bölmənin işıqlanan emblemləri yerləşdirilib.
Gözlənilir ki, flaqman versiya olan S680 modeli 612 at gücü (900 Nm) hasil edən 6,0 litrlik turbomühərrikli V12 aqreqatını qoruyacaq. Daha aşağı pillədə yerləşən S580 versiyası isə 530 at gücünə malik yeni 4,0 litrlik V8 mühərriklə təchiz oluna bilər.

MONETAR.AZ