Cənubi Koreya hökuməti Yaxın Şərqdə mümkün ən pis ssenarilərə hazırlaşaraq iqtisadiyyatı təcili şəkildə antiböhran rejiminə keçirir. Bloomberg yazır ki, İranda uzanan müharibə və Hörmüz boğazı ətrafındakı blokada enerji idxalından ciddi asılı olan ölkəyə ağır zərbə vurub.
Çərşənbə günü Cənubi Koreyanın baş naziri Kim Min-seok sərt xəbərdarlıqla çıxış edərək bildirib ki, dövlətin qabaqlayıcı reaksiya sistemi dərhal gücləndirilməlidir, çünki münaqişə uzanma əlamətləri göstərir. Onun sözlərinə görə, hökumət vəziyyətin ciddiliyinə uyğun olaraq maksimum operativ hərəkət edəcək.
Fəaliyyətin koordinasiyası üçün Seulda baş nazirin birbaşa rəhbərliyi altında qurumlararası fövqəladə iqtisadi işçi qrupu yaradılır. Paralel olaraq prezident aparatında ayrıca iqtisadi situasiya mərkəzi formalaşdırılır.
Cənubi Koreya istehlak etdiyi xam neftin təxminən 70%-ni Yaxın Şərq ölkələrindən idxal edir. Uzunmüddətli tədarük şoku sənayenin bütün sahələrinə təsir göstərə bilər.Xammal çatışmazlığından tutmuş istehsal xərclərinin artmasına, ixracın azalmasına və daxili tələbin zəifləməsinə qədər.
Hökumət artıq misli görünməmiş addımlar atıb. Son 30 ilə yaxın müddətdə ilk dəfə olaraq yanacaq qiymətlərinə yuxarı hədd tətbiq edilib ki, bu da neft və qazın dünya bazarlarında bahalaşması fonunda inflyasiya təzyiqini azaltmağa yönəlib.
Baş nazir parlamenti əlavə büdcəni tezliklə qəbul etməyə çağıraraq bunu “seçim deyil, zərurət” adlandırıb. Hökumət və hakim partiya təxminən 25 trilyon von (16,7 milyard dollar) həcmində təcili paket üzərində razılığa gəlib. Bu vəsaitlərin dövlət istiqrazlarının buraxılması ilə deyil, vergi daxilolmalarının planı üstələməsi hesabına maliyyələşdirilməsi nəzərdə tutulur.
Gözlənilir ki, fiskal dəstəyin böyük hissəsi enerji qiymətlərinin artmasının təsirini azaltmağa, həssas əhali qruplarına yardım göstərməyə və pozulmuş tədarük zəncirlərini sabitləşdirməyə yönəldiləcək. Prezident Lee Jae-myung müvafiq qurumlara paketin detallı layihəsini operativ hazırlamağı tapşırıb.
Artıq ölkə iqtisadiyyatı maliyyə bazarlarında ciddi itkilərlə üzləşib. Milli valyuta mart ayı ərzində təxminən 4% ucuzlaşıb, əsas fond indeksi KOSPI isə kapitalizasiyasının təxminən 10%-ni itirib.
Müstəqil iqtisadçıların əksəriyyəti hesab edir ki, hökumətin stimullaşdırıcı tədbirləri iqtisadi artımı yalnız məhdud şəkildə dəstəkləyə bilər, eyni zamanda isə onsuz da qeyri-sabit olan qlobal mühitdə inflyasiya risklərini artırır.