İnvestisiya qoyuluşunda struktur dəyişikliklər güclənir

 İnvestisiya qoyuluşunda

2026-cı ilin yanvar-fevral aylarında Azərbaycanda əsas kapitala yönəldilən investisiyalarda 19,4 faiz real artım qeydə alınıb. Statistik göstəricilər investisiya axınlarında mühüm struktur dəyişikliklərinin baş verdiyini göstərir.

Hesabat dövründə qeyri-neft-qaz sektoruna yönəldilən investisiyalar 51,4 faiz artaraq 1,48 milyard manata çatıb. Xidmət sahələrində artım daha yüksək olub və bu istiqamətdə investisiyalar 2,1 dəfəyə yaxın artıb. İstehsal sahələrinə yatırımlar da 34,3 faiz yüksəlib.

Eyni zamanda, neft-qaz sektorunda azalma müşahidə olunub. Bu sahəyə yönəldilən investisiyalar ötən ilin müvafiq dövrü ilə müqayisədə 31,4 faiz azalıb və əvvəlki ilin 68,6 faizi səviyyəsində olub. Bununla yanaşı, sektor daxilində fərqli dinamika qeydə alınıb: daxili mənbələrdən investisiyalar 46,6 faiz artdığı halda, xarici mənbələr üzrə artım cəmi 10,1 faiz təşkil edib.

Ümumi investisiya qoyuluşlarında daxili mənbələr üstünlük təşkil edir. Belə ki, investisiyaların 73,1 faizi və ya 1,78 milyard manatı daxili vəsaitlərin payına düşür və bu istiqamətdə 23,2 faiz artım qeydə alınıb. Xarici mənbələrdən investisiyalar isə 2,3 dəfə artsa da, onların 91 faizdən çoxu neft-qaz sektoruna yönəlib. Qeyri-neft-qaz sektoruna xarici investisiyalar isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 73 faiz azalıb, yəni əvvəlki ilin cəmi 27 faizi səviyyəsində qalıb.

İnvestisiyaların strukturunda da dəyişiklik müşahidə edilir. Tikinti-quraşdırma işlərinə yönəldilən vəsaitlər 18,1 faiz azalsa da, ümumi investisiyaların artması vəsaitlərin daha çox avadanlıq, texnologiya və digər qeyri-maddi aktivlərə yönəldiyini göstərir.

MONETAR.AZ