Çindən ucuz idxal dövrü sona çata bilər. İranda artıq dördüncü həftəsinə daxil olan hərbi münaqişə fonunda neft qiymətlərinin kəskin artması Çin istehsalçılarını geniş çeşiddə məhsullar üzrə oyuncaqlardan, yoqa geyimlərindən tutmuş tibbi kateterlərə qədər ixrac qiymətlərini qaldırmağa vadar edib. Bu barədə Bloomberg məlumat yayıb.
Qiymət artımı bəzi hallarda birrəqəmli, bəzi hallarda isə iki rəqəmli (10%-dən yuxarı) səviyyəyə çatır. Bunun əsas səbəbi Fars körfəzindəki böhran nəticəsində xammal və logistika xərclərinin sürətlə bahalaşmasıdır.
“Artan xərclər bizə başqa seçim qoymadı, karyeramda ilk dəfə qiymətləri artırmalı olduq”, deyə Şanxayda tibbi kateter istehsal edən şirkətin satış meneceri Pan Lin bildirib.
Bu addım qlobal enerji şokunun istehlak inflyasiyasına keçdiyini göstərən güclü siqnaldır. İndiyədək Çin ixracatçıları daxili rəqabətin sərtliyi və istehsal güclərinin çoxluğu səbəbindən illərlə qiymətləri aşağı salırdılar.
Müharibə dünya üzrə neft qiymətlərinin kəskin artmasına səbəb olub. Bu isə neftə bağlı olan bütün xammallara — poliester və akril liflərdən tutmuş, tibbdə istifadə olunan poliuretana qədər dərhal təsir edib. Çin təchizatçılarının məlumatına görə, müharibənin ilk həftəsində bu materialların qiyməti 50% artıb. Hazırda artım tempi bir qədər səngisə də, qiymətlər hələ də müharibədən əvvəlki səviyyədən 10%-dən çox yüksəkdir.
İkinci ciddi problem isə daşımalarla bağlıdır. Müharibənin başlanmasından bəri ötən həftə dəniz yükdaşıma tariflərinin ən kəskin artdığı dövr olub. İxracatçılar və logistika şirkətlərinin məlumatına görə, tariflər 10%-dən 30%-ə qədər yüksəlib, bəzi marşrutlarda isə artım 50%-ə çatıb.
MONETAR.AZ