Hindistan aprel ayı üçün Rusiyadan 60 milyon barel neft alıb

Hindistan aprel ayı üçün Rusiyadan 60

Hindistanın neft emalı zavodları gələn ay üçün təxminən 60 milyon barel Rusiya nefti alıb. Bu barədə Bloomberg məlumatlı mənbələrə istinadən xəbər verib.

Bu addım Yaxın Şərqdə müharibə səbəbindən xammal axınlarının məhdudlaşdığı bir vaxtda tədarük çatışmazlığı ilə bağlı narahatlıqları qismən azaldır.

Mənbələrin sözlərinə görə, partiyalar Brent markalı neftin qiymətinə əlavə olaraq hər barel üçün 5–15 dollar mükafatla sifariş edilib. Kpler analitik şirkətinin məlumatına əsasən, bu həcm cari ay üzrə alışlarla müqayisə edilə biləndir, lakin fevral göstəricisindən iki dəfədən çox yüksəkdir.

Alışların artması ABŞ-ın Hindistana 5 mart tarixinədək tankerlərə yüklənmiş Rusiya neftini almağa icazə verməsindən sonra baş verib. Bu qərar Hörmüz boğazı ətrafında yaranmış faktiki bağlanma nəticəsində yaranan çatışmazlığı kompensasiya etmək məqsədi daşıyırdı. Sonradan bu icazə digər ölkələrə də şamil olunub və genişləndirilib. Belə ki, 12 martadək dənizdə olan xam neftin alınmasına da imkan verilib.

Nyu-Dehlidəki rəsmi şəxslər hesab edirlər ki, Hörmüz boğazında fasilələr davam etdiyi müddətdə ABŞ-ın bu icazəsi uzadılacaq. Mənbələr bildirir ki, dekabr ayından bəri Rusiya neftindən çəkinən Mangalore Refinery & Petrochemicals Ltd.Hindustan Mittal Energy Ltd. kimi emal şirkətləri yenidən bazara qayıdıblar.

MONETAR.AZ