Azərbaycanda klassik və nadir avtomobillərin idxalı ilə bağlı mühüm qərar qüvvəyə minib. Bu gündən etibarən raritet hesab edilən avtonəqliyyat vasitələrinin ölkəyə gətirilməsi zamanı tətbiq olunan vergi və gömrük rüsumları ləğv olunub.
Yeni qaydaya əsasən, bu güzəşt yalnız müəyyən meyarlara cavab verən avtomobillərə şamil edilir. Belə ki, nəqliyyat vasitəsinin zavod buraxılış tarixindən ən azı 40 il keçməli, mühərrik, ban və şassi hissələri isə orijinal vəziyyətdə saxlanılmalı və ya orijinala uyğun şəkildə bərpa edilməlidir.
Qərara əsasən, raritet avtomobillərin idxalı xüsusi prosedurla həyata keçiriləcək. İdxal üçün müvafiq dövlət qurumunun və ya ekspert komissiyasının rəsmi rəyi tələb olunur. Eyni zamanda, bir fiziki şəxs il ərzində yalnız bir ədəd belə avtomobil idxal edə bilər.
Bundan əlavə, ölkə üzrə də məhdudiyyət tətbiq olunub. Belə ki, il ərzində maksimum 10 ədəd raritet avtomobilin güzəştli şəkildə idxalına icazə veriləcək.
Yeni qaydalar çərçivəsində idxalçılar əlavə dəyər vergisi, aksiz vergisi və gömrük rüsumlarından tam azad edilirlər. Mütəxəssislər hesab edir ki, bu qərar Azərbaycanda avtomobil kolleksiyaçılığının inkişafına təkan verəcək, həmçinin tarixi əhəmiyyətə malik nəqliyyat vasitələrinin ölkəyə gətirilməsini asanlaşdıracaq.
Qeyd edək ki, bəzi hallarda daşınmaz əmlak üzrə əlavə dəyər vergisinin geri qaytarılması ilə bağlı mexanizmlər tətbiq olunsa da, bu prosedur avtomobil idxalı ilə bağlı yeni qaydalardan tamamilə fərqlidir.
MONETAR.AZ