Şamaxı–İsmayıllı–Qəbələ avtomobil yolu gələn il istifadəyə veriləcək

Şamaxı–İsmayıllı–Qəbələ avtomobil yolu

Şamaxı–İsmayıllı–Qəbələ avtomobil yolunun tikintisinin gələn il başa çatdırılması və istifadəyə verilməsi planlaşdırılır.

Bu barədə İlham Əliyev Şamaxıda “Şirvan Aqro” heyvandarlıq kompleksinin açılışı zamanı müəssisənin əməkdaşları ilə görüşdə məlumat verib.

Dövlət başçısı bildirib ki, hazırda ölkədə yol infrastrukturunun inkişafı istiqamətində mühüm layihələr həyata keçirilir. Onun sözlərinə görə, Şamaxı–İsmayıllı–Qəbələ avtomobil yolu da bu layihələrdən biridir və burada inşa edilən körpü ölkədə ən böyük körpü olacaq.

Prezident qeyd edib ki, yeni yolun istifadəyə verilməsi ilə həm Bakı ilə əlaqələr genişlənəcək, həm də ölkənin qərb və şimal-qərb bölgələrinə çıxış daha da asanlaşacaq.

İlham Əliyev vurğulayıb ki, regionlarda nəqliyyat infrastrukturunun yaxşılaşdırılması insanların həyat səviyyəsinin yüksəldilməsinə, yeni iş yerlərinin yaradılmasına və iqtisadi fəallığın artmasına xidmət edir.

MONETAR.AZ