Yaxın Şərqdə davam edən münaqişə fonunda Birləşmiş Ərəb Əmirliklərində fəaliyyət göstərən qlobal bankların əməkdaşları ölkəni tərk etməyə başlayıb. Bu barədə The Banker nəşri bank sektorundakı mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, iri banklarda çalışan bəzi xarici mütəxəssislər artıq öz ölkələrinə qayıdıblar. Onlardan biri bildirib ki, əvvəlcə münaqişənin tezliklə bitəcəyini gözləyirdi, lakin indi bu ssenari real görünmür. Böyük Britaniyaya məxsus banklardan birinin nümayəndəsi isə qeyd edib ki, bəzi əməkdaşlar evakuasiya edilsə də, BƏƏ-dəki filiallarda hələ də işçilər qalır.
Bundan əlavə, Hana Bank əməkdaşlarının ailələrinin tam şəkildə evakuasiya olunduğunu və onların vətənə qaytarıldığını açıqlayıb.
Bank sektorundakı bu axın Iran tərəfindən Fars körfəzi ölkələrində maliyyə obyektlərinə endirilən zərbələr fonunda baş verir. Məlumata görə, bu hücumlar nəticəsində BƏƏ-də 8 xarici vətəndaş həlak olub. Bir çox beynəlxalq bank ya regiondakı filiallarını bağlayıb, ya da əməkdaşlarını uzaqdan iş rejiminə keçirib.
Eyni zamanda, Dubay hökuməti investorların hesablarının dondurulması və ölkədən çıxışına qadağa qoyulması ilə bağlı yayılan xəbərləri təkzib edib. Rəsmi qurumlar bildiriblər ki, ölkə iqtisadiyyatı sabitdir və BƏƏ kapitalın sərbəst hərəkətinə sadiq qalır.
MONETAR.AZ