Yelo Bankın “Bürünc”, “Gümüş”, “Qızıl” və “Platin” paketləri ilk baxışda biznes üçün “hər şey daxil” modelini xatırladır. Müştəri əvvəlcədən müəyyən məbləğ ödəyir və qarşılığında bir sıra xidmətlərdən “pulsuz” istifadə edə biləcəyini düşünür. Amma rəqəmlərə diqqət yetirəndə, xüsusilə kiçik və orta sahibkarlar üçün bəzi risklər ortaya çıxır.
İlk problem odur ki, bu “pulsuz” xidmətlərin əslində qiyməti artıq öncədən ödənilir. Məsələn, “Bürünc” paket üçün sahibkar 300 manat ödəyir. Əgər şirkətin illik dövriyyəsi çox yüksək deyilsə və ya ayda bir neçə əməliyyat həyata keçirirsə, bu ödəniş əslində bankın adi tariflərindən daha baha başa gələ bilər. Yəni müştəri istifadə etmədiyi xidmət üçün pul ödəyir.
Paketlər arasında qiymət və limit artımı bəzən məntiqsiz görünür. Məsələn, “Bürünc”dən “Gümüş”ə keçid qiymət baxımından 133 % artdığı halda, dövriyyə limiti 200% artır. “Qızıl”dan “Platin”ə keçiddə isə ödəniş 81 %, limit isə 100 % artır. Bu, deməkdir ki, bank böyük müştəridən daha çox pul tələb edir, amma onların əməliyyat xərci bank üçün daha aşağı olmalıdır.
Xarici valyuta köçürmələri də bəzən sərfəli deyil. “Platin” paketdə belə hər köçürmə üçün 0,2 % komissiya qalır. İllik 2000 manat ödəyən müştəri üçün bu əlavə xərci kompensasiya etmir.
ATM mədaxil limitləri də kifayət deyil. Məsələn, “Platin” paketdə illik limit 100 min manatdır. Amma illik 1 milyon manat dövriyyəsi olan bir şirkətin aylıq əməliyyatları orta hesabla 83 min manatdır. Əgər əməkdaşlar digər bank ATM-lərindən istifadə edirlərsə, limit tez bitir və əlavə xərclər yaranır.