Azərbaycana yatırılan xarici investisiyalar - bir ildə nə dəyişib?

Azərbaycana yatırılan xarici investisiyalar -

Azərbaycanın iqtisadiyyatı dünya bazarına inteqrasiya etdikcə ölkəyə gələn birbaşa xarici investisiyaların həcmi və strukturu da dəyişir. 2024 və 2025-ci illərin statistikasına baxdıqda bəzi maraqlı tendensiyalar görünür.

2024-cü ildə Azərbaycana cəlb olunmuş birbaşa xarici investisiyaların həcmi 7,046 milyardn dollar olub. 2025-ci ildə bu göstərici 6,595 milyard dollara düşüb, yəni təxminən 6,4% azalıb. Bu ümumi azalma fonunda isə strateji tərəfdaş ölkələrin payı artıb.

Ən böyük investorlar sırasında Böyük Britaniya, Türkiyə və Kipr yer alır. Böyük Britaniya lider mövqeyini qoruyub saxlayır, payı 24,8%-dən 26,3%-ə yüksəlib. Bu əsasən neft-qaz sektoruna qoyulan uzunmüddətli layihələr hesabına baş verib. Türkiyə investisiyalarını artıraraq 1,23 milyard dollara çatdırıb ki, bu da qeyri-neft sektoruna artan marağı göstərir. Kipr isə 751 milyon dollarla üçüncü yerdədir.

Maraqlı dəyişikliklər də olub. Macarıstandan gələn investisiyalar kəskin şəkildə azalıb. 2024-cü ildə 1 milyard dollardan çox vəsait yatıran Macarıstan, 2025-ci ildə yalnız 366 milyon dollar yatırıb. Əksinə, İsveçrə şirkətləri Azərbaycanın sənaye və xidmət sahələrinə marağını artıraraq investisiyalarını 64 milyon dollardan 326 milyon dollara çıxarıblar.

Rusiya və ABŞ da investisiya həcmini artırıb. Rusiya 267 milyon dollara, ABŞ isə 204 milyon dollara çatıb. Mərkəzi Asiya ölkələri, xüsusilə Qazaxıstan və Qırğızıstan, investisiyalarını iki dəfə artırıb. 

Top 5 ölkə arasında Böyük Britaniya, Türkiyə və Kipr artım nümayiş etdirib, BƏƏ-nin payı isə bir qədər azalıb. İranın payı isə kiçik miqdarda artıb.

Ümumiyyətlə, 2025-ci ilin nəticələri göstərir ki, Azərbaycan iqtisadiyyatı xarici şoklara qarşı müqavimətlidir və investisiya mənbələri diversifikasiya olunub. Macarıstan kimi ölkələrin payının azalması İsveçrə, Türkiyə və ABŞ kimi ölkələrin artan fəaliyyəti ilə kompensasiya olunur. 

MONETAR.AZ