Saudi Aramco, dünyanın ən böyük neft ixracatçısı olaraq aprel ayında da Asiya müştərilərinə xam neft tədarükünü azaltmağa davam edəcək. Bu barədə Reuters məlumat yayıb.
Mənbələrin bildirdiyinə görə, şirkət aprel ayında uzunmüddətli müqavilə üzrə müştərilərinə yalnız Qırmızı dənizdə yerləşən Yanbu limanından ixrac olunan Arab Light markalı nefti göndərəcək. Bu isə Asiyadakı neft emalı zavodlarına tədarükü məhdudlaşdırır və onların istehsal həcmlərini azaldır.
Kpler-in məlumatına əsasən, martın əvvəlindən Səudiyyə Ərəbistanı gündəlik 4,355 milyon barel neft ixrac edib. Bu göstərici fevral ayındakı 7,108 milyon barel səviyyəsindən xeyli aşağıdır.
İstehsalçı Hörmüz boğazındakı problemləri kompensasiya etmək üçün ixracı Yanbu üzərindən artırmağa çalışır. Gözlənilir ki, mart ayında bu limandan yükləmələr rekord həddə çata bilər.
Çinin aparıcı neft emalı şirkəti Sinopec mart ayında Yanbu limanından təxminən 24 milyon barel Səudiyyə nefti qəbul etməyi planlaşdırır.
Qeyd edək ki, cümə axşamı günü SAMREF neft emalı zavodunun ərazisində pilotsuz uçuş aparatının qəzaya uğramasından sonra Yanbu limanında yükləmə prosesi qısa müddətə dayandırılmışdı.