Bloomberg xəbər verir ki, Çinin iri dövlət neft emalı şirkətləri Iran xam neftinin alınması imkanlarını araşdırmağa başlayıb. Bu maraq ABŞ tərəfindən artıq tankerlərə yüklənmiş sanksiyalı İran neftinin satışına müvəqqəti icazə verilməsindən sonra yaranıb.
Məlumata görə, İran Milli Neft Şirkəti nümayəndələri və vasitəçi treyderlər artıq Çinlə yanaşı Cənubi Koreya və Yaponiya kimi ölkələrdə də potensial alıcılarla qeyri-rəsmi danışıqlara başlayıblar.
ABŞ sanksiyaları sərtləşdirilməzdən əvvəl İran Asiyanın ən böyük iqtisadiyyatları üçün əsas enerji təchizatçılarından biri idi. Hazırda da əsas alıcı olaraq Çin qalır. Lakin indiyədək idxal əsasən “samovarlar” adlandırılan kiçik özəl Çin neft emalı zavodları tərəfindən həyata keçirilirdi. Böyük dövlət şirkətləri — Sinopec və PetroChina isə beynəlxalq maliyyə sisteminə çıxışı itirmək riskindən ehtiyat edərək İran neftindən uzaq dururdular.
ABŞ Maliyyə Nazirliyinin bir aylıq müddətə verdiyi bu icazə qlobal təklif şokunu yumşaltmaq və enerji qiymətlərini sabitləşdirmək cəhdi kimi qiymətləndirilir. Bu addım daha əvvəl Rusiya neftinə tətbiq olunan müəyyən yumşalmanın davamı hesab olunur.
Bununla belə, praktiki baxımdan bu əməliyyatlar yüksək risklərlə müşayiət olunur. Potensial alıcılar hüquqi və texniki mexanizmləri diqqətlə öyrənirlər. Əsas problem ondan ibarətdir ki, İranla bağlı digər sanksiyalar, xüsusilə SWIFT sistemindən istifadə qadağası qüvvədə qalır.
Digər mühüm maneə logistika ilə bağlıdır. İran neftini daşımağa hazır və hüquqi baxımdan təhlükəsiz gəmi sahibləri tapmaq çətindir. Əvvəllər bu bazarda işləməyən şirkətlər Vaşinqtondan daha detallı izahlar gözləyir və “kölgə donanması” ilə əlaqələrin gələcək sanksiya riskləri yarada biləcəyindən ehtiyat edirlər.
Ekspert Karnan Thirupathi bildirir: “Bu ticarət ətrafında çox qeyri-müəyyənlik var. Əsas sual odur ki, əməliyyat 19 aprelə qədər tamamlanmasa nə baş verəcək?”
Maraqlıdır ki, bu qismən leqallaşdırma bazarda əks təsir də yaradıb. İran nefti Çin üçün bahalaşıb. İran tədarükçüləri “Iranian Light” markasını artıq Brent etalonuna yaxın, hətta cüzi premiumla təklif etməyə başlayıblar. Halbuki ötən ay eyni neft Çin alıcılarına barel başına 10 dollardan çox endirimlə satılırdı.