Azərbaycan son illərdə yalnız xarici investisiyaları cəlb edən deyil, eyni zamanda kapital ixrac edən ölkə kimi də mövqeyini gücləndirir. 2024–2025-ci illərin göstəriciləri bu istiqamətdə əhəmiyyətli artımı nümayiş etdirir. Xaricə yönəldilən birbaşa investisiyaların həcmi bir il ərzində 1,76 milyard dollardan 2,53 milyard dollara yüksələrək təxminən 43 faiz artıb. Bu dinamika ölkənin iqtisadi potensialının genişləndiyini göstərsə də investisiya portfelində müəyyən risklərin formalaşdığını da üzə çıxarır.
2025-ci ildə investisiya xəritəsində ən diqqətçəkən dəyişiklik İsrail istiqamətində baş verib. 2024-cü ildə cəmi simvolik səviyyədə olan sərmayələr bir il sonra 543 milyon dollara çataraq ümumi portfelin 21,5 faizini təşkil edib.
Birləşmiş Ərəb Əmirlikləri əvvəlki illərdə əsas istiqamətlərdən biri olsa da, 2025-ci ildə bu ölkəyə yönələn investisiyalar 457 milyon dollardan 329 milyon dollara enib.
Böyük Britaniya və ABŞ kimi inkişaf etmiş bazarlarda artım müşahidə olunsa da, ümumi portfeldə onların payı hələ də məhduddur. Böyük Britaniyada investisiyalar 212 milyon dollar, ABŞ-da isə 130 milyon dollar təşkil edir.
Mərkəzi Asiya ölkələri ilə investisiya əlaqələrində qarışıq dinamika müşahidə olunur. Özbəkistan istiqamətində artım qeydə alınsa da, Qırğızıstan və Qazaxıstan üzrə azalma müşahidə edilir.
“Digər dövlətlər” kateqoriyasına daxil olan investisiyaların həcmi 119 milyon dollardan 74 milyon dollara düşüb. Bu azalma kapitalın daha konkret və şəffaf istiqamətlərə yönəldiyini göstərir. Bununla belə, bu kateqoriya hələ də ümumi portfeldə 2,9 faiz paya malikdir.
Azərbaycanın tədiyyə balansında mühüm yer tutan fiziki şəxslərin xaricə göndərdiyi vəsaitlərdə də dəyişiklik müşahidə olunur. 2025-ci ildə pul baratlarının həcmi 526 milyon dollardan 505 milyon dollara enərək 4,1 faiz azalıb.
MONETAR.AZ