Tesla şirkəti ABŞ-da günəş enerjisi istehsal gücünü genişləndirmək məqsədilə Çindən təxminən 2,9 milyard dollar dəyərində istehsal avadanlığı almağı planlaşdırır. Bu barədə Reuters mənbələrə istinadən məlumat yayıb.
Planlaşdırılan alışlara Suzhou Maxwell Technologies, Shenzhen SC New Energy Technology və Laplace Renewable Energy kimi Çin şirkətləri də daxildir. Bu addım Tesla-nın 2028-ci ilə qədər ABŞ-da 100 giqavatlıq günəş enerjisi istehsal gücü yaratmaq hədəfinə xidmət edir.
Məlumata görə, günəş elementlərinin istehsalında istifadə olunan trafaret çap xətləri də daxil olmaqla bəzi avadanlıqların ixracı üçün Çin tənzimləyicilərinin icazəsi tələb olunacaq. Avadanlıqların payız aylarına qədər çatdırılması və əsasən Texas ştatına göndərilməsi gözlənilir.
Tesla əldə etdiyi gücün böyük hissəsini daxili ehtiyaclar üçün istifadə etməyi planlaşdırır. Eyni zamanda enerjinin bir hissəsinin SpaceX əməliyyatlarının dəstəklənməsinə yönəldiləcəyi bildirilir.
Qeyd olunur ki, bu sifariş daxili tələbin zəif olduğu bir dövrdə Çin günəş avadanlığı istehsalçılarına da əlavə dəstək verə bilər.
MONETAR.AZ