Azərbaycanda corab istehsalı 4 dəfə artıb

Azərbaycanda corab istehsalı

2026-cı ilin yanvar–fevral aylarında toxuculuq sənayesi, geyim, dəri və ayaqqabı istehsalı sahələrində əsas məhsullar üzrə istehsal göstəricilərində ümumilikdə artım müşahidə olunub.

Toxuculuq məhsulları üzrə pambıq mahlıcının istehsalı 30,6 min ton təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,2 faiz çoxdur. Pambıq ipliyi istehsalı 63,3 faiz artaraq 4,1 min tona çatıb. Pambıq parçalar üzrə istehsal 5,6 milyon kvadratmetr olub və 2,8 faiz artım qeydə alınıb.

Bununla yanaşı, pambıq yataq ağlarının istehsalı 24,4 faiz azalaraq 18,6 min ədəd təşkil edib. Xalça və xalça məmulatlarının istehsalı isə 80 faiz artaraq 0,9 min kvadratmetrə yüksəlib.

Geyim istehsalı sahəsində də müsbət dinamika müşahidə edilib. Üst geyim istehsalı 16,1 faiz artaraq 168,4 min ədəd, alt geyim istehsalı isə 48,5 faiz artaraq 293,3 min ədəd olub. Corab məmulatlarının istehsalı xüsusilə yüksək artım göstərərək 4 dəfədən çox yüksəlib və 895,5 min cüt təşkil edib. Digər geyim növlərinin istehsalı 952,2 min ədədə çatıb.

Eyni zamanda, istehsalat və peşə komplektlərinin istehsalında 10,5 faiz azalma qeydə alınıb və bu göstərici 183,6 min ədəd olub.

Dəri və ayaqqabı istehsalı sahəsində də fərqli dinamika müşahidə olunur. Emal edilmiş dəri istehsalı 17,1 faiz azalaraq 5,8 min kvadratmetr təşkil edib. Aşılanmamış dəri istehsalı isə kəskin azalaraq 147 ton olub. Ayaqqabı istehsalı isə 36 faiz artaraq 155,7 min cütə çatıb.

2026-cı il martın 1-nə sənaye müəssisələrinin anbarlarında hazır məhsul ehtiyatları da açıqlanıb. Ən böyük ehtiyat pambıq mahlıcı üzrə 43,5 min ton, pambıq ipliyi üzrə 4,7 min ton, ayaqqabı üzrə isə 136,4 min cüt təşkil edib.

MONETAR.AZ