HSBC Holdings yaxın illərdə genişmiqyaslı işçi ixtisarlarını nəzərdən keçirir. Məlumata görə, bankın baş direktoru Georges Elhedery xərcləri azaltmaq məqsədilə süni intellekt texnologiyalarına daha çox üstünlük verir.
Mənbələrin bildirdiyinə əsasən, planlaşdırılan dəyişikliklər təxminən 20 000 iş yerini, yəni bankın ümumi işçi qüvvəsinin təxminən 10%-ni əhatə edə bilər. Xüsusilə müştərilərlə birbaşa əlaqəsi olmayan, orta və dəstək ofislərində çalışan əməkdaşlar daha çox risk altındadır.
Bu addım HSBC Holdings-in davam edən restrukturizasiya strategiyasının bir hissəsidir. Bank fəaliyyətini yenidən quraraq xərcləri azaltmaq, əsas olmayan aktivləri satmaq və diqqəti Asiya bazarındakı əsas bank xidmətlərinə yönəltmək istəyir.
Qeyd olunur ki, bəzi bölmələrdə işçi sayının 10% azaldılması hədəflənir. Bununla yanaşı, restrukturizasiya artıq müəyyən nəticələr verir. Son 12 ayda bankın səhmləri təxminən 35% artıb.
Süni intellektdən istifadə tendensiyası təkcə HSBC ilə məhdudlaşmır. Maliyyə sektorunda, xüsusilə də Wall Street-də, avtomatlaşdırılmış sistemlər və “AI agentləri” vasitəsilə bəzi funksiyaların insan əməyini əvəz etməsi sürətlənir.
Bununla belə, analitiklər qeyd edirlər ki, 2025-ci ildə süni intellekt səbəbilə 50 mindən çox ixtisarın baş verdiyi bildirilsə də, bəzi hallarda bu texnologiya pandemiyadan sonra yaranmış artıq işçi sayının azaldılması üçün “əsaslandırma” kimi də istifadə oluna bilər.
MONETAR.AZ