Prezident İlham Əliyevin imzaladığı müvafiq Fərmana əsasən, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (İTSDA) sığortaolunanların dərman və tibbi vasitələrlə təmin olunması ilə bağlı hüquq və öhdəlikləri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) verilib.
Qərar əhalinin dərman və tibbi vasitələrlə təminatının daha çevik və effektiv təşkilinə yönəlib. Bununla da bu sahədə operativ idarəetmənin TƏBİB vasitəsilə həyata keçirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, eyni Fərmanla İTSDA-nın əhalinin icbari tibbi sığortası sahəsində əsas səlahiyyətləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə olunub. Həmçinin nazirliyin tabeliyində Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi yaradılıb.
Həyata keçirilən dəyişikliklər səhiyyə və sosial müdafiə sahələrində idarəetmənin təkmilləşdirilməsi və vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin artırılması məqsədi daşıyır.
MONETAR.AZ