Hər il martın 20-si dünyada Beynəlxalq Xoşbəxtlik Günü kimi qeyd olunur. Bu əlamətdar gün 2012-ci ildə Birləşmiş Millətlər Təşkilatı tərəfindən təsis edilib.
Bayramın əsas məqsədi xoşbəxtliyə can atmağın bütün insanların ortaq arzusu olduğunu diqqətə çatdırmaq və bu anlayışın bəşəriyyət üçün əsas dəyərlərdən biri olduğunu xatırlatmaqdır. Təşəbbüsün müəllifləri hesab edirlər ki, insanların rifahı və xoşbəxtliyi cəmiyyətlərin inkişafında mühüm rol oynayır.
BMT bu gün münasibətilə bütün üzv dövlətləri, beynəlxalq və regional təşkilatları, həmçinin vətəndaş cəmiyyəti institutlarını Beynəlxalq Xoşbəxtlik Gününü geniş şəkildə qeyd etməyə çağırır. Bu çərçivədə maarifləndirmə tədbirlərinin təşkili, insanların sosial rifahının yaxşılaşdırılmasına yönəlmiş təşəbbüslərin həyata keçirilməsi tövsiyə olunur.
Beynəlxalq Xoşbəxtlik Günü insanların diqqətini həyat keyfiyyətinin yüksəldilməsinə, sosial ədalətin təmin olunmasına və ümumi rifahın artırılmasına yönəltməyi hədəfləyir.
MONETAR.AZ