2024-cü ildə yaradılmış Volga brendi ilk avtomobil modelini — flaqman krossover Volga K50-ni təqdim edib. Şirkətin məlumatına görə, yeni modelin satışına 2026-cı ilin yayında başlanılması planlaşdırılır.
Avtomobil D sinfinə aid platforma üzərində qurulacaq. O, 2.0 litrlik turbomühərrik (238 at gücü) və tam ötürücü sistemi ilə təchiz olunacaq. Bundan əlavə, model panoramik dam, salon üçün ambient işıqlandırma və 12 dinamikli audio sistemi ilə seçiləcək. Baza komplektasiyaya qış paketi də daxil ediləcək.
Seriya istehsalının Nijni Novqorod şəhərində yerləşən, əvvəllər Volkswagen-ə məxsus olmuş və Qorki Avtomobil Zavodu (GAZ) platformasında həyata keçirilməsi planlaşdırılır. Qeyd edək ki, GAZ 1956-cı ildən “Volga” minik avtomobillərini istehsal edirdi, lakin bu istehsal 2008-ci ildən sonra dayandırılmışdı. Daha sonra zavodda Škoda Auto və Volkswagen modellərinin yığımı aparılırdı, lakin bu fəaliyyət 2022-ci ildən sonra dayandırılıb.
2024-cü ildə “Minik avtomobillərinin istehsalı” adlı yeni şirkət yaradılaraq Volga markasının bərpasına start verilib. Layihə çərçivəsində ilk üç modelin Geely platformasında hazırlanacağı bildirilmişdi. Bunlara Geely Monjaro, Geely Atlas və Geely Preface daxildir.
Mediada yayılan məlumatlara görə, Volga K50 modeli texniki baxımdan məhz Geely Monjaro əsasında hazırlanıb. Bununla yanaşı, layihənin əsas məqsədi gələcəkdə yerli komponent bazasına malik müstəqil modellərin yaradılmasıdır.

MONETAR.AZ