Bugatti yüksək sürətli velosiped təqdim edib

Bugatti yüksək sürətli velosiped

Bugatti şirkəti velosiped istehsalçısı Factor ilə birgə hazırladığı yeni layihəni təqdim edib. Yenilik məşhur One modelinə əsaslanır və Factor mühəndisləri bildirir ki, One modeli Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) tələblərinə uyğun olan ən sürətli yol velosipedidir.

Bugatti Factor One unikal çərçivə konstruksiyasına malikdir. Ön çəngəlin daha geniş olması aerodinamik müqaviməti azaldır və yüksək sürətdə idarəetməni sabitləşdirir. Dizaynda Bugatti brendinin irsini əks etdirən elementlər istifadə olunub: 1920-ci illərin yarış avtomobillərini xatırladan Bugatti Blue rəngi və şirkətin qurucusunun qardaşı tərəfindən yaradılmış “Rəqs edən fil” emblemi.

Maksimum performans üçün velosiped xüsusi komponentlərlə təchiz edilib. Bunlara Selle Italia oturacağı, Carbon-Ti əyləc rotorları və ulduz dişliləri, həmçinin Continental şinləri daxildir. Xüsusi diqqət Black Inc Bugatti Hyper 62 təkərlərinə yetirilib. Onların ümumi çəkisi cəmi 1298 qramdır və 62 mm-lik profil yüksək sürətin qorunmasına və yan küləyə davamlılığa kömək edir.

Ümumilikdə yalnız 250 ədəd nömrələnmiş velosiped istehsal olunacaq. Bugatti Factor One modelinin qiyməti 23 599 ABŞ dollarından başlayır, standart Factor One versiyası isə 14 199 dollar təşkil edir.

   

MONETAR.AZ