Azərbaycanda icbari tibbi sığorta sahəsində idarəetmə sistemi yenidən təşkil olunur. Prezident İlham Əliyevin imzaladığı yeni Fərmana əsasən, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (İTSDA) bu sahədəki əsas səlahiyyətləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN) həvalə edilib.
Sənədə əsasən, İTSDA və ƏƏSMN-nin tabeliyində fəaliyyət göstərən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi birləşdirilərək yeni qurum – Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi (DTSEA) yaradılıb. Yeni agentlik publik hüquqi şəxs kimi fəaliyyət göstərəcək və nazirliyin tabeliyində olacaq.
DTSEA ölkədə icbari tibbi sığortanın tətbiqinə nəzarət edəcək, xidmətlər zərfi çərçivəsində tibbi xidmətlərin maliyyələşdirilməsini təmin etmək üçün vəsaitləri icbari tibbi sığorta fondunda cəmləşdirəcək və həmin vəsaitlərin idarə olunmasını həyata keçirəcək. Eyni zamanda agentlik dövlət adından tibbi xidmətlərin mərkəzləşdirilmiş alıcısı kimi çıxış edəcək və xərclərin ödənilməsini təmin edəcək.
Yeni qurumun fəaliyyət istiqamətlərinə əlilliyin müəyyən edilməsi və müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların yekun tibbi müayinəsi də daxildir.
Fərmana əsasən, İTSDA-nın sığortaolunanların dərman və tibbi vasitələrlə təmin olunması ilə bağlı hüquq və öhdəlikləri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) verilib.
Bununla yanaşı, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin əlilliyi olan şəxslərə reabilitasiya xidmətlərinin göstərilməsi sahəsindəki funksiyaları və tabeliyindəki müəssisələr ƏƏSMN yanında Sosial Xidmətlər Agentliyinə ötürülüb.
Agentliyin idarə olunması üçün sədr və onun dörd müavinindən ibarət beş nəfərlik İdarə Heyəti yaradılacaq. Qurumun maliyyələşdirilməsi dövlət büdcəsi, icbari tibbi sığorta fondu və digər mənbələr hesabına həyata keçiriləcək.
Qeyd edilib ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi müəyyən keçid müddəaları nəzərə alınmaqla fəaliyyətlərini davam etdirəcəklər.
MONETAR.AZ