Xaricdən pul köçürmələrində mənzərə dəyişir

Xaricdən pul köçürmələrində

Xaricdən Azərbaycana daxil olan pul köçürmələri  ölkənin daxili istehlak bazarının  əsas dayaqlarından biri  hesab olunur. 2025-ci ilin statistikası isə bu sahədə mühüm coğrafi transformasiyanın başlandığını göstərir. Ənənəvi mənbələrin payı azalır, yeni və daha stabil maliyyə axınları ön plana çıxır.

Rusiya: dominantlıq zəifləyir

Uzun illər əsas pul mənbəyi olan Rusiya 2025-ci ildə də lider mövqeyini qoruyur. Lakin bu ölkədən daxil olan vəsaitlərin həcmi 496 milyon dollardan 479 milyon dollara enib, payı isə 45,9 faizdən 40,7 faizə düşüb. Bu azalma təsadüfi deyil. Rusiyaya qarşı tətbiq edilən sanksiyalar, bank əməliyyatlarına qoyulan məhdudiyyətlər və rublun qeyri-sabitliyi bu istiqaməti daha riskli edir. Hazırda Azərbaycana daxil olan hər 10 dollardan təxminən 4 dolların Rusiyadan gəlməsi iqtisadi təhlükəsizlik baxımından həssaslıq yaradır.

Qərb ölkələri: keyfiyyətli artım

2025-ci ildə ən diqqətçəkən artım ABŞ istiqamətində qeydə alınıb. Bu ölkədən daxil olan pul köçürmələri 65 milyon dollardan 100 milyon dollara yüksələrək təxminən 55 faiz artıb. Oxşar dinamika Böyük Britaniya üzrə də müşahidə olunur. Bu ölkədən daxil olan vəsaitlərdə təxminən 25 faiz artım qeydə alınıb. Ekspertlərin fikrincə, bu artım azərbaycanlıların Qərb ölkələrinə miqrasiyasının, eləcə də yüksək maaşlı işlərdə çalışanların sayının çoxalmasının nəticəsidir. Dollar və funt sterlinq kimi güclü valyutalarla daxil olan vəsaitlər manatın sabitliyi üçün daha etibarlı baza yaradır.

Körfəz ölkələri: yeni istiqamət

Son illərdə Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı ilə iqtisadi əlaqələrin genişlənməsi pul köçürmələrində də öz əksini tapır. 2025-ci ildə bu ölkələrdən daxil olan vəsaitlər müvafiq olaraq 42 milyon dollar və 26 milyon dollar təşkil edib. Bu artım həmin regionda çalışan azərbaycanlı mütəxəssislərin sayının çoxalması ilə əlaqələndirilir və yeni maliyyə “qapısı” kimi qiymətləndirilir.

Türkiyə: stabil və dayanıqlı artım

Türkiyə 2025-ci ildə 193 milyon dollar (16,4 faiz pay) ilə ikinci ən böyük pul mənbəyi olub. Bu göstərici iki ölkə arasında güclü iqtisadi əlaqələrin, ticarətin və kiçik sahibkarlıq fəaliyyətinin nəticəsi kimi dəyərləndirilir.bPul köçürmələrində Gürcüstan (43 milyon dollar) kimi region ölkələrinin də payı artır. Bununla yanaşı, bəzi istiqamətlərdə azalma müşahidə olunur. Məsələn, İsrail və Avstriya üzrə daxilolmalar müəyyən qədər geriləyib.

Ümumilikdə, 2025-ci ildə Azərbaycana daxil olan pul köçürmələri 1,17 milyard dollar, ölkədən çıxan vəsait isə 505 milyon dollar təşkil edib. Beləliklə, müsbət saldo təxminən 2,3 dəfə üstünlük yaradır ki, bu da valyuta ehtiyatları və sosial rifah üçün mühüm əhəmiyyət daşıyır.

MONETAR.AZ