Fransanın Hermès şirkəti, Apple ilə uzunmüddətli əməkdaşlığı çərçivəsində iPhone və Apple Watch üçün bahalı MagSafe simsiz şarj cihazını təqdim edib.
Paddock Duo adlı şarj qurğusu və Grand Paddock qoruyucu örtüyü birlikdə təqdim olunur və “Gold” rəngində Swift dana dərisindən hazırlanıb. Aksesuar eyni anda iPhone və Apple Watch və ya AirPods-un şarj olunmasına imkan verir. Bundan əlavə, yalnız bir cihaz üçün nəzərdə tutulmuş daha kompakt versiya da mövcuddur.
Şirkət komplektə enerji adapteri daxil etmir. İstifadəçilər ayrıca ən azı 20 Vt gücündə adapter əldə etməlidirlər. Paketə isə 1 metr uzunluğunda USB-C kabel daxildir.
Hermès Paddock Duo MagSafe və Grand Paddock örtüyü artıq rəsmi onlayn mağazada 5 150 dollar qiymətinə satışdadır. Şarj cihazı ayrıca 1 750 dollara təklif olunur. Daha kompakt oval örtüklü versiyanın qiyməti isə 4 225 dollardır.
Bundan başqa, Hermès Apple Watch üçün dəri qayışlar da təqdim edib. Bu aksessuarların qiyməti Amazon platformasında 219 dollardan başlayır.