Hindistanın neft emalı zavodları Rusiya neftini alarkən dollarla ödənişdən get-gedə daha çox alternativ valyutalara üstünlük verirlər. Məqsəd ABŞ-ın siyasət dəyişiklikləri və geosiyasi gərginliyin artması fonunda dollar asılılığını azaltmaqdır. Bu barədə Bloomberg xəbər verir.
Mənbələr bildirir ki, əməliyyatlar Hindistan rupilərinin Rusiya satıcılarının xüsusi xarici bank hesablarına köçürülməsi yolu ilə həyata keçirilir. Daha sonra bu məbləğlər BƏƏ-dirhəminə və ya Çin yuanına çevrilir. Əməliyyatda bəzi Hindistan bankları da iştirak edir, lakin onların xaricdə fəaliyyəti məhduddur.
ABŞ bu ayın əvvəlində Hindistana Rusiya neftini artırmaq üçün müvəqqəti icazə vermişdi, lakin bu icazənin müddəti 11 aprelə qədərdir. Bu vaxt çatmazdan əvvəl bəzi Rusiya neft şirkətləri daha uzunmüddətli ödəniş mexanizmləri tələb edərək alternativ valyutada ödəniş istəyirlər ki, ABŞ-ın dəyişən siyasəti ilə bağlı riskləri minimuma endirsinlər.
İndian Oil Corp. və Reliance Industries Ltd. daxil olmaqla Hindistan emalçıları ABŞ icazəsi verildikdən sonra təxminən 60 milyon barel Rusiya nefti alıblar.
Şirkətlər dirham və yuanla yanaşı Sinqapur dolları və Honq Konq dollarını da nəzərdən keçirirlər. Lakin əməliyyatların həyata keçirilməsi ayrı-ayrı bankların risk və rahatlıq səviyyəsindən asılıdır.
Deutsche Bank bildirib ki, indiki konflikt dolların dünya neft ticarətindəki rolunu sınayır və uzunmüddətli nəticələrdən biri yuanın artan rolu ola bilər.
MONETAR.AZ