Dolların “təhlükəsiz liman” statusu zəifləyirmi?

Dolların “təhlükəsiz liman”

Qlobal bazarlarda ABŞ dollarının ənənəvi “təhlükəsiz liman” rolunun zəifləməsi ilə bağlı siqnallar güclənir.

Analitiklərin fikrincə, adətən Yaxın Şərqdə münaqişələrin dərinləşməsi və enerji qiymətlərinin artması dolların möhkəmlənməsinə səbəb olur. Lakin Barclays bankının təhlilinə görə, mövcud geosiyasi vəziyyət fonunda bu ənənəvi dinamika əvvəlki kimi işləmir.

Bankın strateqləri bildirir ki, ABŞ-ın siyasi kursundakı qeyri-müəyyənliklər və texnologiya sektorundakı dalğalanmalar dolların yüksəlişini məhdudlaşdırır. Xüsusilə Donald Trump administrasiyasının dəyişkən qərarları investorlar üçün əlavə risk yaradır.

Qeyd olunur ki, dolların digər əsas valyutalara, o cümlədən avroya qarşı mövqeyi gözləniləndən zəifdir. Halbuki Bloomberg Dollar İndeksi son həftələrdə artım göstərsə də, bu yüksəliş real faiz fərqlərinin proqnozlaşdırdığı səviyyədən aşağı qalıb.

Ekspertlər vurğulayır ki, investorlar artıq dollar aktivlərinə əvvəlki kimi “sığınacaq” kimi yanaşmır. Ağ Evdən gözlənilməz açıqlamaların verilməsi ehtimalı bazarda əlavə volatillik yaradır və bu da uzunmüddətli dollar mövqelərinə marağı azaldır.

Bununla yanaşı, Bloomberg Intelligence analitikləri hesab edir ki, ABŞ iqtisadiyyatının fiskal dayanıqlığı ilə bağlı narahatlıqlar artdıqca dolların qlobal təsiri mərhələli şəkildə zəifləyə bilər.

Ümumilikdə, ekspert rəylərinə görə, geosiyasi gərginliklər davam etsə belə, yaxın perspektivdə dolların müəyyən qədər dəyər itirməsi ehtimalı istisna edilmir.

MONETAR.AZ