Maliyyə bazarında son dövrlərdə kredit kartı ilə pul qazanmaq strategiyası diqqət çəkməyə başlayıb. Sosial mediada və maliyyə məsləhətçiləri tərəfindən təqdim edilən üsul sadə görünür: bankın vəsaitini güzəşt dövründə götürüb depozitə yerləşdirmək və faiz gəliri əldə etmək. Lakin Azərbaycan reallığında bu “maliyyə mühəndisliyi” bir sıra spesifik maneələrlə qarşılaşır.
Proses belə işləyir: kredit kartından nağd pul çıxarılır və ya karta bağlı cari hesaba köçürülür, həmin vəsait yüksək faizli yığım hesabına yerləşdirilir, güzəşt dövrünün bitməsinə bir neçə gün qalmış isə vəsait karta qaytarılır və xalis gəlir hesablanır.
Lakin Azərbaycan reallığında bu sxem bir sıra tələlərlə müşayiət olunur. Əksər kredit kartlarında nağdlaşdırma və kartdan-karta köçürmə zamanı 1.5–2 % komissiya tutulur. Misal üçün, 5000 manat çıxarılsa, bank dərhal 75–100 manat komissiya tutur. Əgər depozitdən əldə edilən faiz bu xərci örtmürsə, əməliyyat zərərlə başa çatır. Yalnız bankın xüsusi kampaniyaları, məsələn “komissiyasız nağdlaşdırma” zamanı bu strategiya işlək olur.
Güzəşt dövrü adətən 63 gün göstərilsə də, əksər banklarda hesabat dövrü ayın sonu ilə bitir. Nəticədə, ayın 25-i pul çıxarılsa, depozitdə cəmi 28 gün qalır ki, bu da faiz toplamaq üçün kifayət deyil. Hazırda manat üzrə yığım hesablarının illik faizləri 8–11% civarındadır və depozit gəlirlərindən 10% gəlir vergisi tutulur ki, real qazancı azaldır.
Bu strategiyanın əsas riskləri də var. Kredit limitinin 90–100% istifadə edilməsi kredit bürosunda “borc yükü yüksək” kimi qiymətləndirilir ki, bu da gələcəkdə ipoteka və ya iri həcmli kredit almaqda problem yarada bilər. MilliÖn, E-manat və ya bank daxili köçürmələrdə 1 günlük gecikmə bütün güzəşt dövrünü ləğv edə bilər, bu halda illik 25–30% faiz tətbiq olunur ki, bu da bir neçə yüz manatlıq cərimə deməkdir. Hesabda “boş pul” görmək isə planlaşdırılmamış xərclərə səbəb ola bilər, vaxtında qaytara bilməsəniz, faiz tələsi işə düşür.
Ekspertlər bildirir ki, bu strategiya yalnız aşağıdakı şərtlər daxilində işləkdir: bankın 0% komissiya kampaniyası olmalıdır, mütləq maliyyə intizamınız və mobil tətbiqlərlə işləmək bacarığınız olmalıdır, həmçinin hər ehtimala qarşı ehtiyat fondunuz mövcud olmalıdır ki, problem yaransa, kredit borcunu dərhal bağlaya biləsiniz.
MONETAR.AZ