Türkiyə Mərkəzi Bankı İranda müharibənin yaratdığı dalğalanmalar fonunda milli valyutanı qorumaq üçün radikal addımlar hazırlayır. Bloomberg-in məlumatına görə, tənzimləyici lirənin ucuzlaşmasının qarşısını almaq üçün alətlər arsenalını genişləndirir və iri həcmli qızıl ehtiyatlarını istifadə etməyi ciddi şəkildə nəzərdən keçirir.
Mərkəzi Bank artıq Londonda “qızılın xarici valyutaya dəyişdirilməsi” üzrə svop əməliyyatlarının aparılması ilə bağlı qapalı məsləhətləşmələr keçirir.
Son on ildə Türkiyə dünyada qızılı ən aktiv şəkildə alan ölkələrdən birinə çevrilib. Ölkə rəhbərliyi dollarla ifadə olunan aktivlərdən asılılığı azaltmaq məqsədilə məqsədli şəkildə qiymətli metal toplayıb. Nəticədə, 2026-cı ilin mart ayının əvvəlinə Türkiyənin qızıl-valyuta ehtiyatları təxminən 135 milyard dollar səviyyəsində qiymətləndirilir.
Bu ehtiyatların təxminən 30 milyard dolları fiziki olaraq Bank of England-da saxlanılır. JPMorgan Chase & Co.-nun iqtisadçısı Fatih Akçelikin fikrincə, məhz bu hissə logistika məhdudiyyəti olmadan valyuta intervensiyaları üçün istifadə edilə bilər.
Yaxın Şərqdə uzanan müharibə Türkiyə üçün makroiqtisadi baxımdan ciddi risk yaradır. Ölkə istehlak etdiyi neft və qazın demək olar ki, 100%-ni idxal edir. Buna görə də neftin qiymətinin 70 dollardan 100 dollardan yuxarı qalxması tədiyyə balansına dərhal təsir edir və inflyasiyanı sürətləndirir.
Mərkəzi Bankın həyata keçirdiyi dezinflyasiya siyasəti lirənin möhkəmlənməsinə əsaslanırdı. Lakin idxal xərclərinin kəskin artması və müharibənin başlanmasından bəri valyuta ehtiyatlarının sürətlə azalması sabit məzənnəni qorumağı çox bahalı edib.
Valyuta çatışmazlığının ilk əlamətləri artıq real bazarda da hiss olunur. Bu həftə İstanbulun məşhur Grand Bazaar bazarında dollar rəsmi məzənnədən daha yüksək qiymətlə satılıb ki, bu da əhalinin kütləvi şəkildə xarici valyuta almağa çalışdığını göstərir.
Çərşənbə axşamı günortadan sonra İstanbulda lirə 1 dollar üçün 44,35 səviyyəsində ticarət olunub və 0,1% dəyər itirib. Ümumilikdə isə ilin əvvəlindən bəri Türkiyə valyutası tədricən zəifləyir və gündə orta hesabla təxminən 0,05% dəyər itirir.
MONETAR.AZ