Bitcoin dünən bərpa olunaraq yenidən 77 000 dollar səviyyəsindən yuxarı qalxıb. Qlobal bazarlarda risk iştahının yaxşılaşması həm səhmlərə, həm də kriptovalyutalara tələbi artırıb.
Dünyanın ən böyük kriptovalyutası bu gün Bakı vaxtı ilə saat 10:27-də 1,8% artaraq 77 143 dollar səviyyəsində ticarət olunub. Həftənin əvvəlində isə qiymət təxminən 75 000 dollaradək geriləmişdi.
Bitcoin aprel ayında ABŞ və İran arasında müvəqqəti gərginliyin azalması və Wall Street-də rekord yüksəlişlər fonunda ümumilikdə 12% bahalaşıb. Daha əvvəl isə Yaxın Şərqdə mümkün deeskalasiya ilə bağlı optimizm və güclü institusional investisiya axınları nəticəsində qiymət 79 000 dolları da aşmışdı.
Hazırda Bitcoin üçün əsas qısamüddətli maneə 80 000 dollar səviyyəsi olaraq qalır. Bu hədd son bir ay ərzində bir neçə dəfə yüksəlişi məhdudlaşdıran güclü müqavimət səviyyəsi kimi çıxış edib.