Dünyanın ən məşhur kriptovalyutası olan Bitcoin yenidən 71 min dollar həddini keçib. Məlumata görə, Yaxın Şərqdə mümkün müharibə ilə bağlı narahatlıqların azalması riskli aktivlərə marağın artmasına səbəb olub.
Bildirilir ki, ABŞ prezidenti Donald Tramp İranla münaqişəni dayandırmaq niyyətində olduqlarını bəyan etdikdən sonra bazarlarda optimizm artıb. Bu fonunda bitkoinin qiyməti 71 781 dollar səviyyəsinə qədər yüksəlib. Lakin daha sonra qiymət artımının bir hissəsi geriyə çəkilib.
Ekspertlərin fikrincə, bitkoinə tələbatın artmasına səbəb olan digər amil ABŞ birjalarında listinq olunan spot bitkoin ETF-lərinə kapital axınının yenidən güclənməsidir. Həftənin əvvəlində bu fondlara təxminən 170 milyon dollar həcmində xalis vəsait daxil olub.
Məlumata əsasən, cari ay ərzində bitkoin qiymət artımına görə qızılı da geridə qoyub. Belə ki, bu müddətdə kriptovalyuta təxminən 7 faiz bahalaşıb. Bu dövrdə qızılın qiyməti isə təxminən 2 faiz azalıb.
Analitiklər hesab edirlər ki, kriptovalyuta bazarında investor marağının artması və maliyyə bazarlarındakı risk iştahının yüksəlməsi yaxın dövrdə Bitcoin qiymətlərinin dinamikasına təsir göstərən əsas amillərdən biri olaraq qalacaq.
MONETAR.AZ