2026-cı ilin yanvar ayında Bakıda pərakəndə ticarət dövriyyəsinin həcmi 3 milyard 221,4 milyon manat təşkil edib. Bu göstərici 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 4,3 faiz çoxdur.
Hesablamalara görə, yanvar ayında ölkədə pərakəndə ticarətin orta gündəlik dövriyyəsi təxminən 103,9 milyon manat olub.
Ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının ümumi dəyəri 1 milyard 781,8 milyon manat təşkil edib ki, bu da gündə orta hesabla 57,5 milyon manat deməkdir. Qeyri-ərzaq mallarının satış həcmi isə 1 milyard 439,6 milyon manat olub və gündəlik orta dövriyyə 46,4 milyon manat səviyyəsində formalaşıb.
2025-ci ilin yanvar ayı ilə müqayisədə cari ilin yanvar ayında pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 0,6 faiz azalıb, fərdi sahibkarlar, bazar və yarmarkalar üzrə isə 7,0 faiz artıb.
Hesabat dövründə istehlak məhsullarının 33,6 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 58,0 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 8,4 faizi isə paytaxtın əmtəə bazarlarında satılıb.