Bakıdakı pərakəndə ticarət sektorunda fəaliyyət göstərən “A Plus Supermarketlər şəbəkəsi” mağaza müdiri vəzifəsi üçün elan etdiyi vakansiya ilə diqqət çəkib. Vakansiyada aylıq əməkhaqqının 1800–2000 manat aralığında göstərilməsi bazar şərtləri baxımından cəlbedici görünsə də, iş saatlarının Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğunluğu maraq doğurur.
Fed.az saytında yayımlanmış vakansiya elanında iş qrafiki 08:00-dan 17:00-dək göstərilib. Nahara ayrılan fasilə nəzərə alınmadıqda gündəlik faktiki iş vaxtı təxminən 8 saat təşkil edir. Eyni zamanda iş həftəsinin 6 gün olması qeyd edilir.
Bu halda həftəlik iş yükü 48 saat təşkil edir ki, bu da Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulan normal iş vaxtından artıqdır.
Əmək Məcəlləsinin 89-cu maddəsinə görə, normal iş vaxtının müddəti həftədə 40 saatdan artıq ola bilməz. Bundan əlavə, 90-cı maddədə 6 günlük iş həftəsi tətbiq edilən müəssisələrdə gündəlik iş vaxtının maksimum 7 saat olduğu göstərilir.
Qanunvericiliyə əsasən işçilərə verilən istirahət və yemək fasiləsi iş vaxtına daxil edilmir. Bu isə faktiki iş saatlarının hesablanmasında ayrıca nəzərə alınır.
Həftəlik 40 saatlıq limit yalnız müəyyən hallarda aşına bilər. Belə hallara artıq iş vaxtı və ya rəhbər vəzifələr üçün tətbiq olunan qeyri-normal iş günü rejimi daxildir.
Əmək Məcəlləsinin 164-cü maddəsinə görə artıq iş saatları üçün ödəniş ən azı ikiqat məbləğdə hesablanmalıdır. Bu isə o deməkdir ki, işçinin həftəlik normadan artıq işlədiyi hər saat ayrıca və daha yüksək tariflə ödənilməlidir.
MONETAR.AZ