Cərimə ilk növbədə məhkumların maaşından tutulacaq

Cərimə ilk növbədə

Azərbaycanda məhkumların cərimə cəzasının icrası ilə bağlı qaydalar dəyişdirilib. Bununla bağlı Prezident İlham Əliyev Cəzaların İcrası Məcəlləsinə edilən dəyişiklikləri təsdiqləyib.

Dəyişikliyə əsasən, məhkum cəriməni qanunla müəyyən olunmuş müddətdə ödəmədiyi halda, cəzanın icrası məcburi qaydada həyata keçiriləcək. Bu zaman hökmü çıxaran məhkəmə qərarı icraya yönəldəcək və cərimə məbləğinin ödənilməsi üçün ilk növbədə məhkumun əməkhaqqına və ya digər gəlirlərinə müraciət ediləcək.

Yeni qaydalara görə, məhkumun maaşı və ya başqa qazancı olduğu halda, cərimə məbləği birbaşa həmin gəlirlərdən tutulacaq.

Əgər məhkumun əməkhaqqı və ya digər gəliri yoxdursa, yaxud bu gəlirlər cərimə məbləğini tam ödəməyə kifayət etmirsə, o zaman cərimənin ödənilməsi üçün məhkumun mülkiyyətində olan əmlaka yönəldiləcək. Bu halda borcun tutulması “İcra haqqında” qanunun tələblərinə uyğun aparılacaq.

Yəni, cərimə borcu əvvəlcə məhkumun gəlirlərindən, bu mümkün olmadıqda isə onun şəxsi əmlakından və ya ümumi mülkiyyətdə olan payından tutulmaqla ödəniləcək.

Qeyd olunur ki, edilən dəyişiklik cərimə cəzalarının icrasını daha effektiv təmin etmək və borcların ödənilməsini sürətləndirmək məqsədi daşıyır.

MONETAR.AZ