Martın ilk dekadasında dünya enerji bazarları son onilliklərin ən kəskin qiymət tərəddüdlərindən birinə şahidlik etdi. Cəmi bir ticarət günü ərzində Azərbaycan neftinin 95 dollardan 124 dollara yüksəlməsi bazarda "sağlam iqtisadi artım"dan deyil, yüksək volatillik və geosiyasi risklərin yaratdığı spekulyativ "köpük"dən xəbər verir.
Fundamental faktorlar kənarda qalırİqtisadi nəzəriyyəyə görə qiymətin bir gün ərzində 32 % artması üçün qlobal təklifdə kəskin qırılma və ya tələbdə gözlənilməz sıçrayış baş verməlidir. Lakin hazırkı vəziyyətdə hasilatın həcmi və qlobal istehlak zənciri belə bir kəskin dəyişikliyi diktə etmir. Bu artım daha çox fyuçers bazarlarındakı spekulyativ əməliyyatların və tədarük zəncirinin qırılma qorxusunun nəticəsidir. Bazar iştirakçıları real neftə olan tələbatdan daha çox, "sabah neft tapılmaya bilər" qorxusunu (panik alışları) qiymətləndirirlər.
Anomal volatillik və tarixi paralellərAzərbaycan neftinin tarixində 124 dollarlıq hədd nadir hallarda aşılıb. 2008-ci ilin iyulunda qeydə alınan 149.66 dollarlıq rekord və 2022-ci ilin iyunundakı 130 dollarlıq zirvə nöqtələri həmişə qlobal sarsıntılarla müşayiət olunub. Lakin budəfəki artımın sürəti (32%-lik birgünlük sıçrayış) onu əvvəlki dövrlərdən fərqləndirir. Bu, bazarın hədsiz həssas olduğunu və ən kiçik geosiyasi xəbərə belə həddindən artıq reaksiya verdiyini göstərir.
Spekulyativ gözləntilərin riskləriNeftin bu cür anomal bahalaşması Azərbaycan iqtisadiyyatı üçün bir sıra riskləri də gündəmə gətirir. Spekulyativ faktorlar üzərində qurulan artımlar adətən eyni sürətlə də eniş yaşayır. Qiymətlərin fundamental bazaya söykənməməsi hər an kəskin ucuzlaşma riskini yaradır.
Dövlət büdcəsində neftin bir barelinin 65 dollardan hesablanması sığortalayıcı faktor olsa da, bazardakı 60 dollarlıq "volatillik marjası" uzunmüddətli iqtisadi proqnozlaşdırmanı çətinləşdirir.
Neftin bahalaşması qlobal miqyasda nəqliyyat və istehsal xərclərini artırır. Bu isə Azərbaycanın xaricdən idxal etdiyi məhsulların qiymətinə "idxal inflyasiyası" kimi daxil olur və daxili bazarda qiymət artımını stimullaşdırır.