Bloomberg аgentliyinin məlumatına görə, Səudiyyə Ərəbistanı Asiya bazarı üçün əsas ixrac neftinin qiymətini tarixi maksimum səviyyəyə yüksəldib.
Saudi Aramco may ayı tədarükləri üçün əsas “Arab Light” markalı neftinə barel üzrə 19,50 dollar həcmində rekord əlavəli qiymət (premium) müəyyən edib.
Bununla belə, bu göstərici bazarın daha yüksək, təxminən 40 dollar səviyyəsində gözləntilərindən xeyli aşağı olub. Treyderlər bu fərqi bazardakı yüksək volatillik və martın son həftəsində bəzi Yaxın Şərq neft növlərinin qiymətlərinin gözlənilmədən azalması ilə izah edirlər.
Logistika amili və ixrac marşrutlarıQiymət formalaşmasında mühüm logistika faktoru da rol oynayır. Saudi Aramco hələ də bazis qiyməti Ras Tanura limanından yükləmə əsasında hesablayır.
Lakin faktiki vəziyyətdə nəqliyyat blokadası səbəbindən ixracın 100%-i Yanbu limanı vasitəsilə həyata keçirilir. Bu isə alıcılar üçün əlavə logistika xərcləri yaradır.
Şirkətin baş direktoru Amin Nasser bildirib ki, Qırmızı dənizə çıxışı təmin edən transərəb neft kəməri maksimum – gündəlik 7 milyon barel ötürmə gücünə çatdırılıb. Hazırda Yanbu limanı vasitəsilə gündə təxminən 5 milyon barel ixrac edilir ki, bu da müharibədən əvvəlki həcmin təxminən 70%-ni təşkil edir.
Təklif strukturunda dəyişiklikEyni zamanda, təklif strukturu da əhəmiyyətli dərəcədə dəyişib. Saudi Aramco orta və ağır neft növlərinin böyük hissəsinin hasilatını dayandıraraq diqqəti yüngül və ultra-yüngül neftin satışına yönəldib.
Bu dəyişikliklər qlobal enerji bazarında qiymətlərin formalaşmasına və tədarük balansına ciddi təsir göstərməkdə davam edir.
MONETAR.AZ