Azərbaycan və Türkiyə arasında maliyyə məhsullarının və xəzinədarlıq əməliyyatlarının inkişafı müzakirə olunub.
Bakı Fond Birjasının məlumatına görə, Türkiyə Prezident Administrasiyasının İnvestisiya və Maliyyə İdarəsi tərəfindən təşkil olunan səfər çərçivəsində Türkiyənin aparıcı maliyyə institutları və texnoloji şirkətlərindən ibarət nümayəndə heyəti Bakı Fond Birjasında olub.
Görüşdə Golden Global Investment Bank, Küveyt Türk Portföy, Katılım Emeklilik Hayat, Türkiye Katılım Sigorta və TriO Blockchain Labs nümayəndələri iştirak ediblər.
Müzakirələr zamanı maliyyə məhsullarının inkişafı, xəzinədarlıq əməliyyatları, texnoloji və rəqəmsal infrastrukturun qurulması, sukuk bazarının inkişafı, portfel idarəçiliyi və investisiya xidmətlərinin göstərilməsi kimi məsələlər nəzərdən keçirilib.
Qeyd olunub ki, bu görüş regional kapital bazarları arasında tərəfdaşlığın gücləndirilməsi, yeni maliyyə alətlərinin tətbiqi və innovativ həllərin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.