Dəmir filizi ucuzlaşır

Dəmir filizi

Dəmir filizinin qiymətləri Çində dövlətə məxsus xammal operatorunun yerli metallurgiya şirkətlərinə güzəştə getməsindən sonra aşağı düşməyə başlayıb. Bloomberg-in məlumatına görə, Pekin daxili bazarda yaranmış yüksək tələbatı azaltmaq üçün Avstraliyanın iri mədən şirkəti BHP Group-un məhsullarının tədarükünə qoyulan məhdudiyyətləri müvəqqəti yumşaldıb.

Singapore birjasında ticarət zamanı dəmir filizi fyuçersləri bir ara 4,1% ucuzlaşaraq ton üçün 103,35 dollara qədər enib. Sonradan qiymətlər qismən bərpa olunaraq 106,45 dollar səviyyəsində sabitləşib.

Qiymətlərin azalması birbaşa olaraq dövlət şirkəti China Mineral Resources Group-un qərarı ilə bağlıdır. Bu qurum Çin üçün xammalın mərkəzləşdirilmiş alıcısı kimi fəaliyyət göstərir. Operator bəzi Çin polad zavodlarına BHP tərəfindən istehsal olunan Jimblebar Fines markalı dəmir filizinin partiyalarını qəbul etməyə icazə verib. Bu yüklər ötən ilin sentyabrında tətbiq edilən qeyri-rəsmi embarqodan sonra limanlarda bloklanmışdı.

Məhdudiyyətlərin yumşaldılması yalnız son istehlakçılara, zavodlara şamil edilir və müstəqil treyderlərə aid deyil. Bazar iştirakçıları bu addımı metallurgiya müəssisələrinə dəstək məqsədilə atılmış məcburi tədbir kimi qiymətləndirirlər. Çünki BHP ilə China Mineral Resources Group arasında davam edən kommersiya mübahisəsi nəticəsində zavodlar istehsalın davamlılığını qorumaq üçün xammal çatışmazlığı riski ilə üzləşmişdilər.

Məhdudiyyətlərin yumşaldılması qərarı qiymətlərin kəskin artmasından sonra qəbul edilib. Ötən həftənin cümə axşamı günü CMRG digər BHP filizi markalarını da “qara siyahı”ya sala biləcəyinə işarə etdikdən sonra qiymətlər demək olar ki, ton üçün 109 dollara qədər yüksəlmişdi.

Bu xəbər Çin polad istehsalçıları arasında ciddi panika yaratmışdı. Şirkətlər xammal çatışmazlığından ehtiyatlanaraq mövcud filiz ehtiyatlarını sürətlə alıb anbarlarına toplamağa başlamışdılar. Müvəqqəti qadağanın aradan qaldırılması isə bazardakı gərginliyi qismən azaltmağa kömək edib.

Bununla belə, ticarət mübahisələri səbəbindən qiymətlərdə lokal sıçrayışlar baş versə də, Çin iqtisadiyyatında, xüsusilə də daşınmaz əmlak və sənaye sektorlarında ümumi vəziyyət zəif olaraq qalır və bu da dəmir filizi bazarına təzyiq göstərir.

Çinin Milli Statistika Bürosunun məlumatına görə, yanvar–fevral aylarında ölkədə polad istehsalı illik müqayisədə 3,6% azalaraq 160 milyon tona düşüb. Metallurgiya zavodları ehtiyatlı davranır və pessimist makroiqtisadi proqnozlar səbəbindən, adətən tələbatın ən yüksək olduğu yaz tikinti mövsümü ərəfəsində belə, böyük həcmdə xammal ehtiyatı toplamaqdan çəkinirlər.

 

MONETAR.AZ