Buğda fyuçersləri martın 13-də 6,14 dollarla son doqquz ayın rekordunu qırdıqdan sonra 1 buşeli yenidən 6 dollara doğru geriləyib. Bu da 1 kiloqramı təxminən 37 qəpik deməkdir.
Qiymətlərin bir qədər ucuzlaşmasına neft və soya bazarındakı nisbi sakitləşmə təsir göstərib. Brent nefti hələ də 100 dollardan baha olsa da, Hörmüz boğazından bəzi tankerlərin keçidinə icazə verilməsi bazarda müsbət gözləntilər yaradıb. Soya qiymətləri isə ABŞ və Çin arasındakı gərgin ticarət müzakirələri səbəbindən kəskin şəkildə 12 dollardan aşağı düşüb.
Mövcud enerji böhranı dünya miqyasında fermerlərin xərclərini artıraraq kənd təsərrüfatı sektoruna ağır zərbə vurur. Bütün bu siyasi gərginliklərə baxmayaraq, ABŞ hökuməti mövsüm üçün nikbin proqnozlar verir. Buğda istehsalının rekord həddə – 842,1 milyon tona çatacağı gözlənilir.
İstehsalın artması ilə yanaşı, qlobal buğda istehlakının da yüksələcəyi proqnozlaşdırılır ki, bu da bazarda müəyyən tarazlıq yarada bilər.
MONETAR.AZ