Tikinti mövsümü bitir, inşaat materialları bazarı durğunluq mərhələsinə keçir

Tikinti mövsümü bitir, inşaat materialları bazarı

Dərnəgül tikinti materialları bazarında fəaliyyət göstərən satıcılar payız aylarında bir sıra məhsulların qiymətində ucuzlaşma olacağını proqnozlaşdırırlar. Səbəb kimi havaların soyuması ilə tikinti işlərinin səngiməsi və bunun nəticəsində bazarda tələbatın azalması göstərilir.

Bazarda fəaliyyət göstərən satıcıların Monetar.az-a bildierdiyinə görə  ilk növbədə taxta məmulatlarının qiymətində enmə müşahidə olunacaq.

Satıcı Kənan Əliyev bildirib ki, yağıntılı hava şəraiti səbəbindən payız və qış aylarında taxta materiallara olan tələbat azalır: “Bu mövsümdə taxta rütubət çəkdiyi üçün alıcılar daha çox yaz-yay aylarında alış edir. Hazırda satışlar xeyli zəifləyib. Qiymətlərdə 10-15 % ucuzlaşma gözlənilir”.

Satıcıların sözlərinə görə, avqust ayından etibarən sement satışlarında durğunluq yaranıb. Satıcı Rəşad İsmayılov deyir ki, ötən illə müqayisədə bu ilin eyni dövründə beton məhsullara maraq nəzərəçarpacaq dərəcədə azalıb: “İndiki vəziyyətdə əsasən yalnız davam edən böyük tikintilər üçün material alınır. Fərdi ev tikintiləri dayanıb. Bu da təbii olaraq qiymətlərə təsir edir. Bir neçə günə sement və beton plitələrin qiymətində də azalma olacaq”.

İqtisadçı ekspertlərin də fikrinc, tikinti sahəsində sezonun bitməsi, mövsümi durğunluq və daxili istehsalın artması bir sıra materialların qiymətinə təsirsiz ötüşməyəcək. 

Proqnozlara görə ucuzlaşma oktyabrın ikinci yarısından etibarən özünü daha aydın şəkildə göstərəcək və bazar 2026-cı ilin yaz aylarınadək sabit, lakin aşağı tələbatlı dövrə keçəcək.

MONETAR.AZ