2026-cı ilin yanvar-fevral aylarında Azərbaycanın avtomobil istehsalında əhəmiyyətli artım qeydə alınıb. Rəsmi statistikaya əsasən, həm minik, həm də yük avtomobilləri seqmentində istehsal həcmləri yüksəlib.
Hesabat dövründə minik avtomobillərinin istehsalı 716 ədəd təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 53,3 faiz artım deməkdir. Martın 1-nə olan vəziyyətə görə, anbarlarda 215 ədəd hazır məhsul qalıb. Bu göstərici istehsalın təxminən 30 faizinə bərabərdir.
Yük avtomobilləri seqmentində isə daha kəskin artım müşahidə olunub. Belə ki, istehsal 134 ədəd təşkil edib və bu, illik müqayisədə 11,2 dəfə artım deməkdir. Anbarlarda cəmi 19 ədəd məhsulun qalması istehsal olunan avtomobillərin böyük hissəsinin birbaşa satışa yönəldiyini göstərir.
Ümumilikdə, minik avtomobilləri üzrə artım daha stabil xarakter daşıyır və ehtiyatların formalaşması ilə müşayiət olunur. Yük avtomobilləri üzrə isə kəskin artım və aşağı anbar qalığı bu sahədə yüksək tələbatın mövcud olduğunu göstərir. Ekspertlər bunu ölkədə logistika və nəqliyyat sektorunda aktivliyin artması ilə əlaqələndirirlər.
MONETAR.AZ