Aviasiya yanacağı qıtlığı hələ uzun müddət hiss olunacaq

Aviasiya yanacağı qıtlığı hələ

Qlobal bazarda aviasiya yanacağı ilə təminatın normallaşması üçün Hörmüz boğazı yenidən gəmiçilik üçün açılsa belə, bir neçə ay tələb olunacaq. Bu barədə Reuters agentliyinə açıqlamasında Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) baş direktoru Villi Volş bildirib.

Onun sözlərinə görə, boğaz açılsa və açıq qalsa belə, Yaxın Şərqdə neft emalı güclərində yaranmış fasilələr səbəbindən təchizatın əvvəlki səviyyəyə qayıtması yenə də aylarla vaxt aparacaq.

Volş qeyd edib ki, mövcud böhranı COVID-19 pandemiyası ilə müqayisə etmək düzgün deyil. Həmin dövrdə sərhədlərin bağlanması nəticəsində sərnişin daşımaları 95% azalmışdı və indiki vəziyyət bu səviyyəyə yaxın deyil.

Onun fikrincə, hazırkı vəziyyət daha çox 11 sentyabr terror aktları və ya 2008–2009 qlobal maliyyə böhranı sonrası dövrü xatırladır. Volş xatırladıb ki, 11 sentyabr hadisələrindən sonra bərpa təxminən dörd ay çəkmişdi, 2008–2009-cu illər böhranında isə bu müddət 10–12 aya qədər uzanmışdı.