İrandakı müharibədə Çin əsas iqtisadi qalib elan edilib

İrandakı müharibədə Çin əsas iqtisadi qalib

Deutsche Bank nümayəndəsi bildirir ki, Yaxın Şərqdə baş verən müharibənin səbəb olduğu neft və qaz bazarlarında kəskin volatillik qlobal enerji təhlükəsizliyi uğrunda yeni rəqabət dalğasına yol açıb. Bu böhrandan əsas faydalanan isə Çindir. Bu barədə Bloomberg məlumat yayıb.

Deutsche Bank-ın inkişaf etməkdə olan bazarlar üzrə investisiya direktoru Ceki Tan bildirib: “Çin həm iqtisadi baxımdan, həm də enerji balansının strukturu baxımından bu müharibənin mütləq qalibidir.”

Bu qiymətləndirmə əvvəlki yanaşmalardan fərqlənir. Avropanın analitik mərkəzi Bruegel daha əvvəl Çinin İran neftinə yüksək asılılığının Pekinin enerji strategiyası üçün ciddi sınaq olacağını qeyd etmişdi. Lakin Deutsche Bank nümayəndəsinin fikrincə, Çinin qlobal miqyasda ekoloji təmiz texnologiyaların ən böyük istehsalçısı olması onu unikal və üstün mövqeyə gətirir.

Ceki Tanın proqnozuna görə, bərpa olunan enerjiyə qlobal tələbatın yeni artım dalğası Çin “təmiz texnologiyalar” sektorunda konsolidasiyanı sürətləndirəcək. Uzun illər davam edən sürətli artım və subsidiyalar həddindən artıq istehsala səbəb olub və qiymətləri elə səviyyəyə endirib ki, zəif şirkətlər bazarda qala bilmir.

Ekspertin fikrincə, ən çox faydanı istehsalçılar və ixracatçılar əldə edəcək. Onların mənfəət marjaları xərclərin artımını kompensasiya etməyə imkan verir və sərbəst pul axını onlara zəifləyən rəqibləri əldə etmək imkanı yaradır.

Yaxın Şərqdə müharibənin ilk həftələrində Çin səhmləri S&P Global Clean Energy Transition Index indeksində ən sürətlə artan aktivlər sırasında olub. Lakin bir çox səhmlər üçün bu yüksəliş uzunmüddətli olmayıb.

Məsələn, enerji saxlama sistemləri istehsalçısı Sungrow Power Supply-in səhmləri əvvəlcə 20%-dən çox artsa da, sonradan zəif korporativ hesabat fonunda dəyərinin təxminən üçdə birini itirib. Külək turbinləri istehsalçıları Goldwind Science & TechnologyMing Yang Smart Energy Group səhmləri də son ticarət sessiyalarında kəskin eniş göstərib.

Bununla belə, son məhsul istehsalçıları lider mövqedə qalır: batareya nəhəngi CATL və avtomobil istehsalçısı BYD-nin Honq Konq birjasında səhmləri müvafiq olaraq təxminən 28% və 8% artım nümayiş etdirir.

Texnologiya sektorunda həddindən artıq istehsal böhranını aradan qaldırmaq üçün Çin hökuməti daxili dağıdıcı rəqabətə qarşı kampaniyaya başlayıb. Son beşillik planda Pekin günəş enerjisinə diqqəti qismən azaldıb. Bundan əlavə, Qərb ölkələrinin ticarət disbalansları ilə bağlı ittihamlarına cavab olaraq, günəş panelləri kimi məhsullar üzrə ixrac ƏDV geri qaytarılması güzəştləri ləğv edilir və ya azaldılır.

Deutsche Bank nümayəndəsi Tan yekun olaraq bildirib: “Çin ixrac qiymətlərinin rəqabətqabiliyyətli qalmasına, eyni zamanda şirkətlərin maliyyə dayanıqlığını qorumasına nail olmağa qəti qərarlıdır.”

MONETAR.AZ