Dünya badmintonu gözlənilməz problemlə üzləşib: volanların çatışmazlığı ilə. Söhbət xüsusilə peşəkar səviyyədə istifadə olunan volanlardan gedir. Vəziyyət o qədər ciddiləşib ki, Badminton World Federation (BWF) bəzi turnirlərdə plastik volanların istifadəsinə icazə verib.
Qıtlığın səbəbləri isə olduqca qeyri-adidır. Badminton avadanlıqlarının ən böyük istehsalçısı olan Çin qaz və ördək lələklərinin çatışmazlığı ilə üzləşib. Bu isə quşların sayının quş qripi səbəbindən azalması və nəticədə insanların daha çox donuz ətinə keçməsi ilə əlaqələndirilir.
BWF bəzi turnirlərdə, xüsusilə üçüncü kateqoriya yarışlarında və gənclər turnirlərində plastik volanların istifadəsini təsdiqləyib. Federasiya bildirib ki, sınaqlar zamanı istehsalçılar, oyunçular, hakimlər və təşkilatçılardan rəy toplanacaq. Əgər nəticələr müsbət olarsa, plastik volanların iri turnirlərdə də istifadəsi genişləndirilə bilər.
Qeyd olunur ki, peşəkar volanlar qaz və ya ördək lələklərindən hazırlanır və bir volan üçün 16 lələk tələb olunur. Bu lələklər mütləq eyni quşun eyni qanadından götürülməlidir, çünki müxtəlif qanadlardan alınan lələklərin əyrilikləri fərqli olur və bu da volanın aerodinamik xüsusiyyətlərinə mənfi təsir göstərir.
BWF-nin məlumatına görə, volan istehsalının əsas mərkəzi olan Çində quşların sayı quş qripi səbəbindən azalıb. Bu isə tədarük zəncirində ciddi problemlər yaradıb.
Əvvəlki illərdə də vəziyyət dəyişkən olub. 2018-ci ildə donuzların sayının Afrika donuz taunu səbəbindən azalması nəticəsində Çində quş ətinə tələbat artmış, bu da quş istehsalını və volan bazarını stimullaşdırmışdı. Lakin sonradan quş qripinin yayılması və donuz ətinə tələbatın yenidən artması balansı pozub.
BWF hələ ötən ildən volan bazarındakı qıtlıqla bağlı narahatlığını ifadə etmiş və alternativlərin axtarışına başlamışdı. Federasiya bildirir ki, sintetik volanların hazırlanması və istifadəsi üzrə test proqramları istehsalçılarla əməkdaşlıq çərçivəsində davam etdirilir və bu, davamlı inkişaf strategiyasının mühüm hissəsidir.