Chery Automobile dünən Barselonada Avropa əməliyyat mərkəzini istifadəyə verərək ilk xarici regional operativ mərkəzini yaradıb.
Çin avtomobil istehsalçısı bu addımı qlobal strategiyasında “əsas mərhələ” kimi qiymətləndirib. Bu barədə şirkətin WeChat hesabında dərc olunan açıqlamada qeyd olunub.
Şirkətin sədri İn Tunyue açılış mərasimində bildirib ki, Barselonada yaradılan Avropa əməliyyat mərkəzi Avropadakı fəaliyyətin əsas koordinasiya və idarəetmə platforması olacaq. Məqsəd Avropa bazarını daha yaxşı anlamaq və müştərilərə daha effektiv xidmət göstərməkdir.
Chery Automobile artıq Avropanın 18 ölkəsində fəaliyyət göstərir və regionda 100 000-dən çox müştəriyə xidmət göstərir.
Şirkətin Böyük Britaniya və Avropa İttifaqı bazarlarında satışları yanvar-fevral aylarında 39 000 avtomobilə çatıb və bu, illik müqayisədə 200% artım deməkdir.
Bundan əlavə, avtomobil istehsalçısı İspaniyada elektrikləşmə texnologiyaları və ağıllı mobillik sahələrinə fokuslanan tədqiqat və inkişaf institutunu da açıb.
MONETAR.AZ