Azərbaycan ilə Almaniya arasında iqtisadi əməkdaşlığın inkişafı müzakirə olunub. Bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb.
Müzakirələr nazir müavini Səməd Bəşirli ilə Almaniyanın Baden-Württemberg International Education (BiWE) təşkilatının idarə heyətinin sədri və Südwestmetall-ın siyasət, təhsil və əmək bazarı üzrə icraçı direktoru Ştefan Küpper arasında keçirilən görüş çərçivəsində baş tutub.
Görüşdə Azərbaycan ilə Almaniya arasında iqtisadi əməkdaşlığın uğurla inkişaf etdiyi qeyd olunub, həmçinin Alman-Azərbaycan Xarici Ticarət Palatası və Almaniyanın Şərq Biznesi Assosiasiyası ilə imzalanmış Yol Xəritəsinin əhəmiyyəti vurğulanıb.
Tərəflərə ölkənin iqtisadi prioritetləri, insan resurslarının inkişafı üzrə layihə və proqramlar təqdim edilib, əməkdaşlıq imkanları müzakirə olunub. Eyni zamanda, İqtisadi Zonaların İnkişafı Agentliyi yanında Peşə Təhsili Mərkəzinin fəaliyyəti barədə məlumat verilib və sənaye sahəsində ixtisaslı kadrların birgə hazırlanması imkanları nəzərdən keçirilib.
Bundan əlavə, Azərbaycanın müxtəlif iqtisadi sektorlarında insan kapitalına olan tələbatın ödənilməsi məqsədilə peşə təhsilinin inkişafı məsələləri də müzakirə olunub.