G20 ölkələrinin bir neçə ticarət naziri ABŞ-ın artıq sənaye gücləri və qeyri-bazar iqtisadi siyasətlərinə qarşı birgə fəaliyyət təşəbbüsünü dəstəkləməyib. Bu, dünyanın aparıcı iqtisadiyyatları arasında ticarət siyasəti üzrə fikir ayrılıqlarını bir daha üzə çıxarıb.
ABŞ Ticarət Nümayəndəliyinin (USTR) məlumatına görə, artıq sənaye gücləri ilə bağlı nazir bəyanatının layihəsini G20 üzvlərinin böyük əksəriyyəti dəstəkləsə də, bir neçə ölkə bu istiqamətdə əməkdaşlıq mexanizminin yaradılmasına qəti şəkildə qarşı çıxıb. Vaşinqton həmin ölkələrin adlarını açıqlamayıb.
Çin isə sənaye subsidiyaları və qeyri-bazar siyasətlərinin qlobal artıq istehsala səbəb olması ilə bağlı ABŞ-ın mövqeyini rədd edir. Pekin bu məsələnin Qərb ölkələri tərəfindən proteksionist tədbirlərə haqq qazandırmaq üçün istifadə edildiyini bildirir.
Bu fikir ayrılığı ABŞ-ın artıq sənaye güclərinin əlamətlərini göstərən 16 ticarət tərəfdaşına qarşı “301-ci Maddə” çərçivəsində araşdırma apardığı bir vaxtda yaranıb. USTR bu araşdırmanın gələcəkdə əlavə tariflərin tətbiqinə səbəb ola biləcəyini bildirir.
ABŞ-ın məcburi əməkdən istifadə edilməklə istehsal olunan məhsulların qlobal tədarük zəncirlərindən çıxarılması üzrə əməkdaşlığın genişləndirilməsi təklifinə isə yalnız Meksika və Argentina qoşulub.
Tramp administrasiyası məcburi əməyə qarşı məhdudiyyətlərin lazımi səviyyədə tətbiq edilmədiyini əsas gətirərək 59 ölkədən və Avropa İttifaqından idxal olunan mallara 10 və ya 12,5 faizlik tariflər tətbiq edib.
G20 ticarət nazirləri ərzaq və kənd təsərrüfatı məhsullarının iqtisadi və ya siyasi təzyiq vasitəsi kimi istifadəsinin yolverilməzliyi ilə bağlı razılığa gəliblər.
Nazirlər ərzaq və kənd təsərrüfatı xammalının tədarükünü ləngidən, dayandıran və ya istiqamətini dəyişdirən tədbirlərin əlaqəsi olmayan geosiyasi güzəştlər əldə etmək məqsədilə tətbiq edilməsinin ciddi humanitar və iqtisadi risklər yaratdığını bildiriblər.
ÜTT-nin tarif sistemi də müzakirə olunub
G20 görüşündə Ümumdünya Ticarət Təşkilatının (ÜTT) “ən əlverişli rejim” (MFN) prinsipi əsasında tətbiq olunan tarif sisteminin mümkün islahatları da müzakirə edilib.
ABŞ Ticarət Nümayəndəsi Ceymison Qrir bildirib ki, mövcud sistem qeyri-bazar iqtisadi siyasəti həyata keçirən ölkələrə qarşı fərqli yanaşmalar tətbiq etmək imkanlarını məhdudlaşdırır. Onun sözlərinə görə, bəzi G20 ölkələri MFN prinsipi üzrə istisnaların genişləndirilməsi və mövcud qaydaların yeni hüquqi şərhlərinin hazırlanmasını nəzərdən keçirməyə hazırdır.
MONETAR.AZ