ChatGPT-də geyimləri virtual şəkildə sınamaq funksiyası istifadəyə verilib

ChatGPT-də geyimləri virtual şəkildə sınamaq funksiyası

OpenAI ChatGPT-də alış-veriş imkanlarını genişləndirən iki yeni funksiyanı istifadəyə verib. İstifadəçilər artıq geyim və aksesuarların üzərlərində necə göründüyünü virtual şəkildə yoxlaya, bəyəndikləri məhsulları isə ayrıca siyahıda saxlaya biləcəklər.

Yeni imkanlardan biri Try On funksiyasıdır. Virtual sınaq üçün istifadəçi selfi və ya boydan çəkilmiş fotoşəkilini yükləyə bilər. Məhsul axtarışının nəticələrində “Try On” düyməsi vasitəsilə seçilmiş geyimin istifadəçinin üzərində necə göründüyünü görmək mümkündür.

Bundan əlavə, istifadəçi bəyəndiyi geyimin şəklini, o cümlədən internet saytından götürülmüş skrinşotu ChatGPT-yə yükləyərək həmin məhsulun öz üzərində necə göründüyünü nümayiş etdirməsini istəyə bilər.

Digər yenilik Favorites funksiyasıdır. Bu imkan istifadəçilərə axtarış zamanı tapdıqları məhsulları xüsusi kitabxanada saxlamağa şərait yaradır. Virtual sınaq zamanı yaradılan görüntülər də həmin bölmədə saxlanılır.

ChatGPT həmçinin istifadəçinin təsvir etdiyi tərzə uyğun geyim və aksesuarlar tapa, məhsul satışda olduğu halda məşhurların fotoşəkillərində gördüyü geyimləri də müəyyənləşdirə bilir.

MONETAR.AZ