Yaxın Şərqdə davam edən müharibə fonunda Asiyada ilk ciddi yanacaq böhranı ilə üzləşən ölkə kimi Bangladesh göstərilir. Məlumata görə, artıq 175 milyonluq əhali benzin əldə etmək üçün saatlarla növbələrdə gözləmək məcburiyyətindədir.
The Independence yazır ki, paytaxt Dhaka daxil olmaqla ölkə üzrə vəziyyət sürətlə pisləşir. Məsələn, hər gün işə 22 km məsafə qət edən sakinlər artıq motosikletlərini doldurmaq üçün iki saata qədər növbədə qalırlar. Bir çox hallarda isə sürücülər yanacaq tükəndiyi üçün geri qayıtmağa məcbur olur.
Münaqişə başlayandan sonra şəhər küçələrində avtomobillərin sayı azalıb. Bunun əsas səbəbi Hörmüz boğazı ətrafında yaranmış qeyri-müəyyənlik və neft qiymətlərinin kəskin artmasıdır. Qeyd olunur ki, Asiyanın idxal etdiyi xam neftin təxminən 90%-i məhz bu marşrutdan keçir.
Enerji ehtiyaclarının təxminən 95%-ni idxal hesabına ödəyən Banqladeş artıq sərt məhdudiyyətlər tətbiq edib:
- yanacaq istifadəsinə kvotalar qoyulub
- dizel satışına limitlər tətbiq edilib
- universitetlər müvəqqəti bağlanıb
Reuters bildirir ki, bəzi yanacaqdoldurma məntəqələri artıq fəaliyyətini dayandırıb, digərlərində isə paylama məhdudlaşdırılıb. Regionlarda vəziyyət daha ağırdır. Yanacaq qeyri-rəsmi şəkildə plastik butulkalarda və yüksək qiymətlərlə satılır.
Hazırda ölkənin ehtiyatları kritik həddədir: təxminən 80 min ton xam neft ehtiyatı yalnız iki həftədən bir qədər çox müddətə kifayət edir. Bu səbəbdən hökumət alternativ tədarük mənbələri axtararaq Sinqapur, Malayziya, Nigeriya, Azərbaycan, Qazaxıstan, Anqola və Avstraliya kimi ölkələrlə əlaqələri genişləndirməyə çalışır.
Ekspertlər xəbərdarlıq edir ki, mövcud tendensiya davam edərsə, Banqladeş Asiyada yanacaq ehtiyatları tam tükənən ilk ölkə ola bilər.