Bu gün Azərbaycanda yanğınsöndürənlərin peşə bayramı qeyd olunur. İnsanların həyatını xilas etmək, yanğınların qarşısını almaq və fövqəladə hadisələr zamanı təhlükəsizliyi təmin etmək üçün çalışan bu peşənin nümayəndələri hər gün yüksək risk və məsuliyyətlə üzləşirlər.
Hər il oktyabrın 10-u Azərbaycanda yanğınsöndürənlərin peşə bayramı günü kimi qeyd edilir. Bu tarix Ümummilli Lider Heydər Əliyevin 2002-ci il oktyabrın 5-də imzaladığı Sərəncamla təsis olunub.
Yanğınsöndürənlərin fəaliyyəti yalnız alovla mübarizə aparmaqdan ibarət deyil. Onlar qəza və digər fövqəladə hallar zamanı da insanların köməyinə çatır, təhlükəli vəziyyətlərə operativ müdaxilə edərək mümkün itkilərin qarşısını almağa çalışırlar.
Azərbaycanda yanğın təhlükəsizliyi xidmətinin formalaşması XIX əsrin sonlarında Bakıda neft sənayesinin inkişafı ilə sıx bağlıdır. 1884-cü il yanvarın 11-də Bakı şəhər Duması yanğın komandasının yaradılması barədə qərar qəbul edib.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə, 1918-ci il oktyabrın 10-da Bakı şəhər idarəsinin tərkibində Bakı Yanğın Komandası təsis olunub. Bununla da şəhərin yeganə yanğın komandasının dövlət idarəetmə sistemindəki yeri rəsmən müəyyənləşdirilib.
Ölkə müstəqilliyini bərpa etdikdən sonra bu sahənin inkişafı üçün bir sıra mühüm addımlar atılıb. Nazirlər Kabinetinin 1996-cı il 29 may tarixli qərarı ilə Bakı Yanğın Texniki Məktəbi yaradılıb. Prezident İlham Əliyevin 2008-ci il iyunun 2-də imzaladığı Sərəncama əsasən, məktəbin bazasında Fövqəladə Hallar Nazirliyinin Akademiyası təsis edilib. Hazırda burada yanğın təhlükəsizliyi və yanğınsöndürmə sahəsi üzrə ali təhsilli mütəxəssislər hazırlanır.
Prezident İlham Əliyevin 2005-ci il dekabrın 16-da imzaladığı Sərəncamla Fövqəladə Hallar Nazirliyinin yaradılmasından sonra yanğından mühafizə sahəsində struktur və texniki yenilənmə işləri genişlənib. Yanğından Mühafizə Xidmətinin bazasında Dövlət Yanğından Mühafizə və Dövlət Yanğın Nəzarəti xidmətləri təşkil edilib.
Sonrakı dövrdə yanğınsöndürmə texnikasının yenilənməsi, müasir avadanlıqların alınması və yeni yanğın depolarının tikilməsi istiqamətində tədbirlər görülüb.
Yanğınsöndürənlərin işi xüsusi hazırlıq, peşəkarlıq və yüksək məsuliyyət tələb edir. Alovun sürətlə yayıldığı, tüstünün ətrafı bürüdüyü və saniyələrin belə həlledici olduğu şəraitdə onlar çevik qərarlar verməli, təhlükəni düzgün qiymətləndirməli və insanların həyatını qorumaq üçün operativ hərəkət etməlidirlər. Bu prosesdə texniki təchizatla yanaşı, şəxsi heyətin hazırlığı və xidmətlərarası koordinasiya da mühüm rol oynayır.
Yanğın təhlükəsizliyi sahəsində elmi-texniki imkanların inkişafı məqsədilə Dövlət Yanğından Mühafizə Xidmətinin tabeliyində Yanğınların Tədqiqatı və Sınaq Laboratoriyası fəaliyyət göstərir.
Laboratoriyada yanğın təhlükəsizliyi üzrə sınaqlar keçirilir, yeni elmi-texniki həllərin tətbiqi və yanğınların başvermə səbəblərinin araşdırılması istiqamətində işlər aparılır. Eyni zamanda, beynəlxalq təcrübənin öyrənilməsi və xarici ölkələrin müvafiq sınaq mərkəzləri ilə əməkdaşlıq da diqqət mərkəzində saxlanılır.
Peşə bayramı yanğınsöndürənlərin cəmiyyətin təhlükəsizliyinin təmin olunmasında oynadığı mühüm rolu bir daha ön plana çıxarır. İnsan həyatını xilas etmək naminə təhlükəyə atılan bu insanların fəaliyyəti xüsusi peşəkarlıq, dözümlülük və fədakarlıq tələb edir.