Dünya elminə olan etimad pandemiyadan əvvəlki səviyyədən aşağı düşüb

 Dünya elminə olan etimad pandemiyadan əvvəlki səviyyədən

“Wel­lcome Global Monitor” təşkilatının dünya üzrə 140 mindən çox yetkin insan arasında keçirdiyi sorğunun nəticələrinə görə, elmə olan etimad pandemiyadan əvvəlki göstəricilərlə müqayisədə azalıb. Geriləmə xüsusilə maddi çətinliklərlə üzləşən insanlar arasında daha nəzərəçarpandır.

Monetar.az xəbər verir ki, sorğuda 2025-ci ildə iştirakçıların 72%-i elmə ən azı müəyyən dərəcədə etibar etdiyini bildirib. Müqayisə üçün, bu göstərici 2020-ci ildə 80%, 2018-ci ildə isə 77% olub.

Alimlərə tam etibar edənlərin payında da azalma qeydə alınıb. Belə ki, bu göstərici 2020-ci ildəki 43%-dən 2025-ci ildə 32%-ə enib. 2018-ci ildə isə respondentlərin 34%-i alimlərə yüksək səviyyədə etibar etdiyini bildirmişdi.

Araşdırma elmə münasibətlə insanların maliyyə vəziyyəti arasında nəzərəçarpan fərqləri üzə çıxarıb. Maddi ehtiyaclarını qarşılamaqda çətinlik çəkən respondentlərin yalnız 20%-i elmə yüksək səviyyədə etibar etdiyini bildirib. Maddi baxımdan firavan yaşayanlar arasında isə bu göstərici 39% təşkil edib.

2020–2025-ci illərdə maliyyə çətinliyi yaşayan qrupda elmə yüksək etimad 16 faiz bəndi, maddi cəhətdən təminatlı insanlar arasında isə 10 faiz bəndi azalıb.

“Wellcome” təşkilatının icraçı direktoru Yon-Arne Röttingenin sözlərinə görə, pandemiya dövründə peyvəndləmə, maska tələbləri və ictimai səhiyyə tədbirləri ətrafında yaranan siyasi mübahisələr elmə olan etimadın zəifləməsinə təsir göstərmiş ola bilər.

Tədqiqatda səhiyyə müəssisələrinə münasibətlə elmə etimad arasında da əlaqə müəyyən edilib. Xəstəxana və klinikalara yüksək etibar göstərən respondentlərin 43%-i elmə də yüksək səviyyədə inandığını bildirib. Qlobal orta göstərici isə 26% olub.

Peyvəndləmə ilə bağlı cavablar da ictimai münasibətlərin fərqli olduğunu göstərir. Respondentlərin təxminən 34%-i tövsiyə olunan peyvəndi dərhal vurduracağını deyib. İştirakçıların 48%-i qərar verməzdən əvvəl əlavə düşünməyə üstünlük verdiyini, 15%-i isə peyvəndlərdən ümumiyyətlə yayındığını bildirib.

Sorğunun nəticələri profilaktik tədbirlərlə qarşısı alına bilən xəstəliklərə dair narahatlıqların artdığı bir dövrdə açıqlanıb. Məlumatda qeyd olunur ki, bu il ABŞ-da təxminən 3 900 qızılca halı qeydə alınıb və bu, son üç onilliyin ən ciddi epidemik artımlarından biri kimi qiymətləndirilib.

ABŞ-da elmə münasibətin siyasi baxışlarla da əlaqəli olduğu müşahidə edilib. Elmin faydalarının necə qiymətləndirilməsi respondentlərin ölkənin milli rəhbərliyinə münasibətindən asılı olaraq əhəmiyyətli dərəcədə fərqlənib.

“Gallup” və “Ipsos” təşkilatları ilə birgə aparılan araşdırma alimlərin ictimai etimad baxımından hökumət və jurnalistlərdən öndə qaldığını da göstərib.

Bununla belə, “Wellcome” əldə olunan nəticələrin diqqətlə şərh edilməsinin vacibliyini vurğulayıb. Təşkilatın qeyd etdiyinə görə, sorğu göstəriciləri müxtəlif amillər arasındakı əlaqələri əks etdirir, lakin elmə etimadın azalmasının konkret səbəblərini birbaşa müəyyən etmir.