Venesuela Prezidentinin səlahiyyətlərini icra edən Delsi Rodriges İlon Maskın “Starlink” peyk internet xidmətinin ölkə ərazisində fəaliyyət göstərməsinə rəsmi icazə verən sazişi təsdiqləyib. Bu qərar “SpaceX” şirkətinin Latın Amerikası bazarındakı mövqelərini genişləndirməsi baxımından əhəmiyyət daşıyır.
Venesuela hökuməti dünən saziş barədə məlumat yayıb. Sənədə əsasən, “SpaceX”in peyk interneti bölməsi ölkədə xidmət göstərmək hüququ əldə edib.
Ölkənin telekommunikasiya tənzimləyicisi olan “Conatel” şirkətə ümumi fəaliyyət icazəsi və peyk rabitəsində istifadə olunan Ku-tezlik diapazonunu əhatə edən yeddi konsessiya sənədi verib. İcazələr “SpaceX VZ, S.C.A.” şirkətinin adına rəsmiləşdirilib. Bununla da “Starlink” Venesuelada yerli tənzimləyici qurumların nəzarəti altında fəaliyyət göstərə biləcək.
Rəsmi icazənin verilməsi “SpaceX” ilə Venesuela hakimiyyət orqanları arasında bir neçə ay davam edən əməkdaşlığın nəticəsidir. Bu prosesə 2025-ci il iyunun 24-də baş verən zəlzələlərdən sonra fövqəladə rabitə dəstəyinin göstərilməsi də daxildir.
“Conatel”in məlumatına görə, La-Quayra ştatında telekommunikasiya infrastrukturuna zərər vuran zəlzələlərdən dərhal sonra ərazidə “Starlink” avadanlıqları quraşdırılıb. İlkin mərhələdə peyk rabitəsi texnologiyasının fövqəladə şəraitdə imkanlarını yoxlamaq üçün müvəqqəti icazələr verilib.
Sınaqlar zamanı üç Venesuela mobil operatorunun şəbəkəsindən istifadə etməklə peyklər vasitəsilə mətn mesajlarının ötürülməsini təmin edən birbaşa cihaz bağlantısı texnologiyası da sınaqdan keçirilib.
ABŞ-ın Karakasdakı səfirliyinin məlumatına əsasən, xilasetmə qruplarına, tibb işçilərinə və humanitar təşkilatlara dəstək məqsədilə 1 600-dən çox “Starlink” avadanlıq dəsti paylanılıb.
“Starlink” cari ilin əvvəlində yerli distribütorlarla razılaşmalar vasitəsilə Venesuela bazarına daxil olmaq istiqamətində addımlar atıb. Mart ayında ölkənin pərakəndə satış şəbəkəsi “MultiMax” fərdi istifadəçilərə və müəssisələrə “Starlink” avadanlıqlarının paylanması barədə saziş elan edib. Bu təşəbbüs peyk internetinə çıxış imkanlarının genişləndirilməsinə yönəlib.
Son qərar isə şirkətin ölkə üzrə fəaliyyətini tənzimləyən rəsmi hüquqi çərçivəni formalaşdırır.
Aşağı Yer orbitində yerləşən peyklər vasitəsilə internet bağlantısı təqdim edən “Starlink” xüsusilə ənənəvi telekommunikasiya infrastrukturunun zəif olduğu və ya əlçatmaz qaldığı ərazilərdə alternativ rabitə imkanı yaradır. Şirkət fərdi istifadəçilər və bizneslə yanaşı, aviasiya, dəniz nəqliyyatı və dövlət qurumları üçün də xidmətlərini genişləndirir.
Venesuelada icazənin verilməsi “SpaceX”in digər ölkələrdə də tənzimləyici təsdiqlər almağa çalışdığı dövrə təsadüf edir. Şirkət, o cümlədən Hindistanda “Starlink”in kommersiya fəaliyyətinə başlamaq üçün tələb olunan razılaşdırma proseslərini davam etdirir.
MONETAR.AZ